Azərbaycanın yerləşdiyi ərazi, cəlbedici tarixi, əlverişli coğrafi şəraiti bizim ölkəmizi turizm üçün cazibədar diyara çevirir.
Hər il ən müxtəlif ölkələrdən Azərbaycana gələn turistlər buradan ən xoş təəsüratlarla qayıdırlar. Sosial şəbəkələrdə, onlyan platformalarda paylaşımlarında ölkəmiz, onun insanları və gözəl yerləri ilə bağlı səmimi sözlərini oxumaq olur.
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, ötən ilin ilk 8 ayında Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 37.4 faiz artaraq 1 milyon 143 minə çatıb.
Ekspertlərin fikrincə, Azərbaycana gələn turistlərin coğrafi mənşə strukturunda əvvəlki illərlə müqayisədə dəyişiklik müşahidə olunur: avropalıların sayının artması, ərəb turistlərinin səfərlərinin azalması qeydə alınıb.
Belə ki, bu müddətdə MDB ölkələrindən gələnlərin sayı 1,7 dəfə artaraq 477,1 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 36,5 faiz artaraq 57,2 min nəfər, Körfəz ölkələrindən gələnlərin sayı 8,6 faiz azalaraq 185,4 min nəfər olub. Ərəb turistlərinin sayının azalması alternativ turistik bazarlara marağın yüksəlməsi, Azərbaycanda turizm qiymətlərinin hələ də yüksək olması ilə əlaqələndirilir. Avropadan gələnlərin sayının artması isə işgüzar səfərlərin sayının çoxalması və bütövlükdə bölgəyə xüsusi marağın artması ilə bağlıdır.
Deputat Vüqar Bayramovun fikrincə, son illər xaricilərin Azərbaycanda sağlamlıq turizminə də marağının artması müşahidə olunur. Turizm enerji sektorundan sonra ölkəyə ən çox valyuta gətirən sektordur. 2019-cu ildə ölkəyə 3 milyondan çox turist gəlmişdi və əcnəbilər həmin il Azərbaycanda 2.6 milyard dollara yaxın vəsait xərcləmişdilər.
Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosundan verilən məlumata görə, 2022-ci ildə Azərbaycana gələn əcnəbi vətəndaşların sayı 1.602.600 nəfər olub, 2021-ci il ilə müqayisədə 2 dəfədən çox artıb. Bu nəticə pandemiyadan əvvəlki – 2019-cu il ilə müqayisədə turizmin 50 faiz bərpa olunması deməkdir.
2022-ci ildə ölkəmizə səfər edənlərin sırasında ilk 5-likdə Rusiya Federasiyası (447 min), Türkiyə (312 min), İran (171 min), Səudiyyə Ərəbistanı (96 min) və Gürcüstan vətəndaşları (82 min) qərarlaşıb.
Hazırda ölkə ərazisində fəaliyyət göstərən 18 hotel 5, 11 hotel 4, 12 hotel isə 3 ulduzla qiymətləndirilib.
Turizmin inkişafında əlverişli qiymətlər çox mühümdür.
Schengenvisainfo portalında Avropada səyahət etmək üçün ən ucuz ölkələrin adları açıqlanıb. Məsələn, ən ucuz səyahət ediləcək Avropa ölkələrindən Rumıniya, Portuqaliya və Sloveniya ilk yerlərdədir. Siyahıda həmçinin Macarıstan var ki, burada ən ucuz bir gecəlik mənzillər 16 dollardan başlayır, 3-4 ulduzlu hotellər isə 60-90 dollara başa gəlir.
Portuqaliyada 11-51 dollara mənzil tapıla bilər, 8 dollara doyumlu şəkildə yemək mümkündür. Sloveniyada ən ucuz gecəlik mənzilin qiyməti 11-15 dollar, münasib otellər isə 38-96 dollar arasında dəyişir. Bolqarıstanda ən büdcəli yaşayış təklifləri 14 dollardan, münasib otellərdə isə 36 dollardan başlayır. Aylıq bilet 18 dollara başa gəlir. Yemək xərcləri isə 5-15 dollar təşkil edir. Rumıniyada ən ucuz yaşayış qiyməti 10 dollardır. 20 dollara olduqca komfortlu şərait tapmaq mümkündür.
Göründüyü kimi turist cəlb etməyin əsas məqamlarından biri təklif olunan qiymətlərdir. Azərbaycanda hələ ki, turistlər üçün qiymətlər bahalı sayılır. Viza problemi və təyyarə qiymətləri turizmin inkişafını ləngidən amillərdəndir.
Planetimizin sakinləri ən müxtəlif səbəblər üzündən səyahət edirlər. Beynəlxaq Turizm Təşkilatının məlumatlarına görə, XXI əsrin ikinci onilliyində dünyada xarici turistlərin sayı bir milyardı ötüb. İki milyarddan çox insan isə daxili turizm xətti ilə öz ölkələri boyu səyahətə çıxır. Beləcə, demək olar ki, bəşəriyyətin yarısı bu və ya digər şəkildə turizm sferasına daxildir.
Sosioloji sorğuların nəticələri göstərir ki, səyahət etmək insanlar arasında dözümsüzlük hallarını aradan qaldıran vacib detaldır. Azərbaycan özünün rəngarəng tarixi, dini, müalicə, gəzinti və işgüzar mühiti ilə dünya turizm biznesinə töhfələrini verə bilər. Ölkənin malik olduğu təbii şərait və qədim tarix bu baxımdan Azərbaycanın dünya turzm sektorunda uğurunu şərtləndirən amil kimi çıxış edə bilər. Bu gün turizm sektoru ölkədə böyük perspektivlər vəd edən bir müstəviyə çevrilməkdədir. Pandemiya dövründə bu sahə ciddi problemlər yaşasa da artıq yeni planlar qurmaq üçün imkanlar yaranmaqdadır.
Bu baxımdan turizmin müxtəlif növlərindən istifadə olunması aktuallığını saxlayır.
Tarixi turizm dünyada qədim mədəniyyət izləri qalan bütün ölkələrdə uğurla tətbiq edilir. Milyonlarla turist hər il oralara axışır.
Qeyd edək ki, dünyada turist axınının 40 faizi mədəni motivasiya daşıyır.
Böyük tarixi və mədəni irsə malik Azərbaycan da özünün bu yöndə olan turizm potensialı üçün böyük perspektiv açır. Buna ölkənin iqtisadi vəziyyəti, Azərbaycanın dünya sistemində tutduğu yer və turizm sahəsində inkişaf tendensiyası imkan verir.
Odur ki, dünya turizm sektorunda uğurlu və gəlirli sayılan tarixi turizmin ölkəmizdə inkişafı üçün yaxşı potensial var. Erkən xristian abidələri, Alban aftokefal kilsəsi, Şəkinin Kiş kəndində inşa edilən və Qafqazda, eləcə də bütün dünyada ən qədim məbədlərdən biri sayılan alban kilsəsi, Qəbələ rayonunun Nic qəsəbəsində Müqəddəs Yelisey qədim alban kilsəsi… Üstəlik peyğəmbər İsa Məsihin həvarilərindən olan müqəddəs Varfolemeyin Bakıda yaşaması və burada həlak olması barədə katolik dünyasında gəzən inam böyük xristian dünyasının üzünü Azərbaycana tutmağa vadar edə bilər.
Bütün bunların, tarixi turizmi inkişaf etdirən və ölkəyə səyahətçilərin böyük axınını yarada biləcək əsas detal olaraq, Azərbaycanı tarixi turizm üçün cəlbedci bir vitrinə çevirmək potensialı var.
Tarixi Böyük İpək Yolunda əsas həlqələrdən biri olan Azərbaycanın mədəni və ticarət əlaqələri üçün açıq olması burada mədəni turizmin köklərinin atmasında mühüm rol oynayıb. Arxeoloji irsimizdə də turizm üçün böyük potensial var. Bu abidələrin düzgün təqdimatı kütləvi daxili və xarici turizmi stimullaşdıra bilər.
Azərbaycan tarixi dünya tarixinin bir hissəsi olmaqla cahanda böyük iz qoymuş hadisələrin baş verdiyi məkanları da özündə saxlayır. Qeyd edək ki, İçərişəhər, Qız qalası və Şirvanşahlar saray kompleksi UNESCO-nun Dünya Maddi İrs Siyahısına salınıb. Azərbaycan xalçasının UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına, Qobustan Dövlət Tarixi-Bədii Qoruğunun Dünya Mədəni İrs Siyahısına daxil olunması Azərbaycanın zəngin tarixi-mədəni irsinin beynəlxalq ictimaiyyətə tanıdılmasında mühüm rol oynamaqla yanaşı, bu məkanların beynəlxaq turizm müstəvisinə müncər edilməsi əsas məqsədlərdən biridir.
Azərbaycan Vətən Müharibəsi nəticəsində işğal altında olan torpaqlarımızı azad edib. Şuşada, digər məkanlarda mövcud turizm məkanları Azərbaycana gələn turistlər üçün də maraqlı olacaq. İşğaldan azad edilmiş ərazilərin turizm strategiyası və Şuşanın turizm potensialı müxtəlif marşrutlar, müxtəlif layihələrin hazırlanmasına fürsətlər yaradır.
Turizm üçün səyahət motivasiyasında dini-ziyarət institutunu təşkil edən səfərlər də xüsusi əhəmiyyətlidir. Müsəlman ölkəsi olan Azərbaycan bu baxımdan unikal dövlətdir. Qeyd etdiyimiz kimi, Azərbaycan iudaizm, xristian və islam mədəniyyətlərinin abidələri ilə zəngindir. Ölkənin hər yerində belə mədəni-dini məkanlar, ziyarətgahlar mövcuddur. Bakıda Bibiheybət ziyarətgahı, Gəncədə İmamzadə, Naxçıvanda Əshabi-Kəf komplekslərinə hər il minlərlə insan ziyarətə gəlir. İnancı insanların ziyarət turizminin təşkil edilməsi turizm obyektlərinin ilboyu işləməsi üçün imkan yaradacaq.
Daha bir mühüm turizm resursu bayramlar, festivallar, sərgilərdir. Belə tədbirlər hadisə turizmini inkişaf etdirərək turistlərə bütün ilboyu səyahətə gəlmək stimulu verir. Məsələn, İspaniyada qeyd olunan 200 bayram məhz turizm əhəmiyyəti daşıyır. Onlardan bəziləri bütün dünyada məşhurdur.
Zəngin və qədim Azərbaycan tarixi belə bayramların böyük buketini özündə saxlayır. Onların sırasında ilk olaraq Novruz bayramını qeyd etmək olar. Azərbaycanın qədim inanc və ənənələrinin simvolu olmuş bayramların bərpası, hazırlanması və təqdimatı tarixi turizmi inkişaf etdirməklə yanaşı mədəni irsin təbliğində böyük rol oynaya bilər.
Tarixi turizm mədəni irsin saxlanması üçün aparılan siyasətlə sıx bağlıdır. Bu sahə mühüm iqtisadi resurs olaraq yeni faktor kimi regionların inkişaf strategiyasına mühüm xidmətlərini göstərə bilər və ölkənin tarixi-mədəni zənginliynə söykənməklə regionların perspektiv sosial və iqtisadi inkişafı üçün real imkanlar yaradır.
Odur ki, bu sahənin inkişaf etməsi üçün qədim irsin saxlanmasını təmin edən geniş normativ-hüquqi sənədlər və bu irsin qorunmasını təşkil edən uğurlu tədbirlər vacibdir. Prezident İlham Əliyevin turizmin inkişafının prioritet elan etməsi turizm sektorunun qarşısında çoxlu vəzifələr qoyub. Əsas vəziflərdən biri kimi turizm ehtiyatlarının genişləndirilməsi, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, yeni turizm marşrutlarının yaradılması qoyulub.
Səyahət dünyagörüşü genişləndirir, müxtəlif yerlərdə olarkən bizi bilmədiyimiz mədəniyyətə və ənənələrə kökləməklə dünya ölkələrini ayıran sərhədləri dağıdır. Anlayırıq ki, bizi birləşdirən amillər ayıranlardan daha çoxdur. Odur ki, Azərbaycan özünün qədim tarixi, tolerant mədəni mühitini dünyaya təqdim etməklə bu müxtəlifliyin cazibədar bir parçası olduğunu göstərə və ölkəmizə böyük turist marağını yönəldə bilər.
G.HÜSEYNOVA
Yazı MEDİA-nın dəstəyi ilə “elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusunda hazırlanıb.
