“Babam Tiflisdə rəssam olub…İran üçün əlimdən gələni elədim” –İran şahının həyat yoldaşı Fərəh

“Mən Şahbanu statusunda mərhum Şahın köməyi ilə İran və onun maraqları üçün üçün nəyə imkanım çatıb eləmişəm”.

Azpost.info bildirir ki, bu sözləri İran şahı Məhəmməd Rza Pəhləvinin həyat yoldaşı, Şahbanu Fərəh Diba Pəhləvi Harvard universitetində keçirilən vebinarda çıxışı zamanı deyib.

Fərəh Diba deyib ki, onun fəaliyyəti bu gün də insanlar, xüsusən gənclər üçün maraqlıdır: “Mən öz soydaşlarımla əlaqə saxlayıram. Onların nə hiss etdiklərini bilirəm. Bu günkü İran gəncliyi bilir ki, ölkəmiz necə olub və nə baş verib”.

Fərəh Pəhləvi bildirib ki, bütün həyatı boyu qiymətli təcrübə toplayıb. İslam inqilabından keçən 42 il ərzində adamlar hələ onun xatirələrini eşitmək istəyirlər.

Fərəh Diba 1957-ci ildə Fransada təhsil illərini xatırladıb. “O zaman qız uşaqlarını xaricdə oxumağa göndərmək çox çətin idi. Mən memarlıqla maraqlanırdım. Uşaq vaxtı yayda Tehranın şimalına gedərdik. Orada gildən ev tikirdim. Görünür memarlığa olan marağım o zamanlardan yaranıb. Parisə memarlıq ixtisasını oxumağa gələndə səkkiz qız idik. Qalanları hamısı oğlan idi. O zaman deyirdilər ki, qızlar ər tapmaq üçün memarlığı oxumağı seçiblər”.

F.Pəhləvi deyib ki, ilk illər çətin olsa da sonra Parisdə həyat onun üçün normala çevrildi: “Muzeylərə gedirdim, incəsənətlə çox maraqlanırdım. Yadıma gəlir, kollecdə bizim müəllim deyirdi ki, yalnız minatürlər çəkə bilərik. Xoşbəxtlikdən mən yaxşı oxuyur və rəsmlər çəkirdim. Qiymətlərim yüksək idi. Babam rəssam olub. Tiflisdə rəsmlər çəkirdi. Atam da rəssam-karikaturaçı olub. Bu məni incəsənətə olan marağımı artırdı”.

F.Diba 1971-ci ildə Şahbanu elan edilməsi zamanı hansı hisslər keçirdiyini açıqlayıb: “Şah tacı başıma qoyanda mən hiss etdim ki, bu tac bütün İran qadınlarının başına qoyulur. Tac başıma qoyulanda, Şahbanu elan ediləndə özümdə heç bir dəyişiklik hiss etmədim. Mən artıq 20 il idi Şahla evli idim və onunla İran tarixinin ən yaxşı günlərini yaşamışdıq”.

“Mən heç vaxt ümidimi itirmirəm. Əminəm ki, İran bir gün küllükdən çıxıb “diriləcək”-deyə Fərəh Pəhləvi İranın gələcəyi ilə bağlı danışarkən deyib.

Azpost.info

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Azərbaycan və Ermənistan yolların açılması ilə bağlı konsensusa yaxınlaşıb” –

Sonrakı məqalə

Ermənistan tərəfindən Bərdənin bombalanmasından 1 il ötür