Bakı Avropa Liseyinin ibtidai sinfə qəbul üçün azyaşlı uşağa verdiyi sual təəccübə səbəb olub.
Bu haqda Azvision.az saytının rəhbəri Vüsal Məmmədov bildirib. O, qeyd edib ki, qızı Aylanı həmin Liseydə təhsil alması üçün qəbul imtahanına aparıb. Lakin uşaq cavabı olmayan, ümumiyyətlə sual hesab olunmayacaq sualla qarşılaşıb:
“Aylanın imtahan nəticələrilə bağlı təəssüflə bildirirəm ki, ikinci mərhələdə tələb olunan 24 baldan 21,5-ni topladığı üçün birinci sinfə qəbul imtahanından kəsilib.
“İlişdiyi” sual budur: “İnsanlar işıq saçsaydılar, nə olardı?”.
Fağır uşaqları bu cür kəsmək nə qədər düzgündür – qoy Bakı Avropa Liseyinin rəhbərliyi özü qərar versin.
Necə yəni, “insanlar işıq saçsaydılar, nə olardı?!”. “İnsanlar işıq saçsaydılar, nə olardı” sualının düzgün cavabı nədir? Uşaq nə desə, düzgün cavab sayılacaqdı? Paraşüt yoxdursa, açıq deyin ki, paraşüt yoxdur də. Daha niyə valideynləri xərcə və əziyyətə, uşaqları həyatda atdıqları ilk addımlarındanca ruh düşkünlüyünə düçar edirsiniz ki?!
Şikayət eləmirəm, narazılığım da yoxdur. Geniş mənada tüpürüm sizin vicdanınıza da, sualınıza da! Qızımı indiyə qədər yaşından xeyli irəli bir insan, şəxsiyyət kimi yetişdirmişəm, bundan sonra da nə qədər ki sağam, elə olacaq.
Zarafatsız, insanlar işıq saçsaydılar, nə olardı?!
Uşaqda günah yoxdur. Günah məndədir ki, inanmışdım… Yalnız buna görə özümü bağışlaya bilmirəm ki, inanmışdım… Bir də uşağın “mən imtahandan kəsilmişəm?” sualına görə özümü bağışlaya bilmirəm.
Həyat bir imtahandan ibarət deyil. Biz hələ çox imtahanlardan keçəcəyik. Hələ hər şey qabaqdadır…”.