Bakı Baş Səhiyyə İdarəsi ləğv edilir

30 İyun 2021 - 16:01

“Bakı Baş Səhiyyə İdarəsinin bazasında İlkin Səhiyyə Xidməti Tibb Mərkəzi yaradılır. Yaxın zamanda bu, tamamlanacaq. Bu zaman ilkin səhiyyə xidmətinə aid olan bütün strukturlar Tibb Mərkəzində birləşəcək”.

Bunu Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov bildirib.

O deyib ki, o cümlədən 5 saylı Doğum evinin qadın məsləhətxanası ilkin tibbi xidmət göstərdiyi üçün İlkin Səhiyyə Xidməti Tibb Mərkəzinin tərkibinə keçəcək. İlkin Səhiyyə Tibb Mərkəzindəki poliklinikalarda olan dar ixtisas həkimləri də müxtəlif poliklinikalarda birləşərək Kliniki Tibbi Mərkəzin tabeçiliyinə keçəcək. Nərimanov rayonunda bu, həyata keçirilib, digər rayonlarda da paralel olaraq aparacağıq. Nəticə etibarı ilə də ilkin səhiyyə xidməti tibbi xidmətdən ayrılacaq”.

K. Ələkbərov onu da bildirib ki, struktur dəyişikliyinin Bakıda həyata keçirilməsinin bir hissəsi də multidisiplinar, çoxfunksiyalı, çoxprofilli xəstəxanaların yaradılması üçün müəyyən xəstəxanaların birləşdirilməsi olub. Onun sözlərinə görə, tutaq ki, doğum evlərində cərrahi xidmət göstərə bilən mütəxəssislər olmur və ya anestezioloji xidmət göstərən tək şöbə olur və s. bu zaman hər hansı ağırlaşma, fəsad baş verdikdə, xəstəxana rəhbərliyi mütəxəssisin cəlb olunması üçün daha üst quruma müraciət edir: “Bu isə vaxt aparır və bəzən digər qurumlara müraciət qənaətbəxş olmur, vaxtında cavab verilmir. Həkimlər bəzən digər xəstəxanada xidmət göstərməkdən imtina edir. Bu da xəstənin pisləşməsi və daha faciəvi nəticəyə gətirib çıxarır”.

Mərkəz direktoru deyib ki, bu baxımdan multidisiplinar xəstəxanalar yaradılır ki, bu zaman ehtiyac olduqda doğum evində cərrahi xidmətin aparılması və ya cərrahi şöbədə doğumla bağlı mama-ginekoloqların və digər ixtisas həkimlərinin konsultasiyalar aparması artıq xəstəxana daxilində reallaşır və daha operativ olur: “Bu baxımdan Bakı şəhərində Bakı Baş Səhiyyə İdarəsinin tabeliyində olan müəssisələrdən ibarət 11 klinik tibb mərkəzləri yaradılıb. Hər bir tibb mərkəzi multidisiplinardı, yəni bütün sahələr üzrə xidmət göstərir”.