Bakı İrəvandan “Qarabağ” mahnısını oğurlamış müğənnini cəzalandlrmağı tələb edib

Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi ilə birgə Azərbaycan bəstəkarı Bəhram Nəsibovun “Qarabağ” adlı əsərinin musiqisinin qanunsuz mənimsənilməsi və müəlliflik hüququnun digər şəkildə pozulması ilə bağlı bəyanat yayıb.

Nazirlikdən daxil olan bəyanatda deyilir:

“Azərbaycana məxsus müəllif əsərlərinin və folklorun ermənilər tərəfindən oğurlanaraq mənimsənilməsi halları davam etməkdədir. Növbəti belə hal sözləri və musiqisi tanınmış Azərbaycan bəstəkarı Bəhram Nəsibova məxsus olan “Qarabağ” (“Anadır arzulara hər zaman Qarabağ”) adlı əsərin Gor Yepremyan tərəfindən sözləri dəyişdirilməklə ifa edilərək “Sirun jan” adı altında, videonun təsvirində “Armenian Folk”, yəni “erməni xalq mahnısı” qeydi ilə yutub platformasında yerləşdirilməsidir. Üzeyir Hacıbəylinin əsərlərinin ermənilər tərəfindən mənimsənilməsi ilə əlaqədar olduğu kimi, həmin plagiat haqlı olaraq Azərbaycan cəmiyyətində geniş rezonans doğurmuşdur və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi iyulun 9-da buna dair geniş şərh vermişdir.

Qeyd edilənlərlə bağlı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi aşağıdakıları bəyan edir:

1.Sözləri və musiqisi Azərbaycan bəstəkarı Bəhram Nəsibova məxsus olan “Qarabağ” əsəri (“Əsər”) XX əsrdə yaradılmış və ilk dəfə Xalq artisti Arif Babayev tərəfindən 1972-ci ildə ifa edilmişdir.

2.Əsər 1972-ci il iyunun 2-də SSRİ qanunvericiliyinə uyğun olaraq Əqli Mülkiyyət Agentliyinin hüquqi sələfi olan Ümumittifaq Müəllif Hüquqları Agentliyinin Azərbaycan Şöbəsində qeydə alınmışdır. 1998-ci ildə dünyasını dəyişmiş Bəhram Nəsibovun vərəsələri onun mahnı janrında yazılmış bir çox əsərlərini, o cümlədən Əsəri 2004-cü il iyulun 14-də Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyində (Əqli Mülkiyyət Agentliyinin hüquqi sələfi) dövlət qeydiyyatından keçirmiş, onlara Agentlik tərəfindən Əsərin qeydiyyatı haqqında 662 nömrəli şəhadətnamə verilmişdir.

3.Əsər Bəhram Nəsibovun ən məşhur mahnılarından biridir, dəfələrlə Azərbaycan, Türkiyə, Özbəkistan və digər ölkələrdə kütləvi ifa edilmiş, həmin kütləvi ifaların çoxlu sayda video və audio yazıları mövcuddur.

4.Əsərin Azərbaycanda dövlət qeydiyyatı sənədləri, müxtəlif daşıyıcılarda olan nüsxələri və kütləvi ifaları zamanı Bəhram Nəsibovun müəllifliyinə aid əsər kimi tanınması Bəhram Nəsibovun mahnının yeganə müəllifi olmasının sübutudur.

5.Əsərdən istifadə Bəhram Nəsibovun vərəsələrinin razılığı ilə və həmin razılıqda qeyd edilən həcmdə, onun müəllifliyi göstərilməklə mümkündür. “Sirun jan” adlı yutub videosunun təsviri hissəsindən və məzmunundan göründüyü kimi, Bəhram Nəsibov müəllif kimi qeyd edilməyib, əksinə, qanunsuz ifa edilmiş əsər “erməni xalq mahnısı” olaraq yutub platformasına yerləşdirilmişdir.

6.Əsərin qeydiyyat sənədlərindən və kütləvi ifa tarixçəsindən çıxış edərək, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi bu halı birmənalı olaraq əsərin tərkib hissəsi olan musiqinin plagiatı kimi qiymətləndirir.

7.Plagiatın əlavə sübutu olaraq həm əsər (bir neçə fərqli ifada), həm “Sirun jan” videosu oxşarlığın müəyyən edilməsi məqsədilə Əqli Mülkiyyət Agentliyinin ekspertlərinə təqdim edilmişdir. Ekspert qismində Xalq artistləri, bəstəkarlar Faiq Sücəddinov və Eldar Mansurov çıxış etmiş və apardıqları araşdırmanın nəticəsi olaraq müəyyən etmişlər ki, erməni ifaçının səsləndirdiyi “Sirun jan” adlı mahnının musiqisi Bəhram Nəsibovun muğamın “Çahargah” ladında yazdığı “Qarabağ” əsərinin musiqisi ilə tam üst-üstə düşür, eynidir. Bundan əlavə, əsərin orijinal “Qarabağ” adı “Sirun jan” adına, “Anadır arzulara hər zaman Qarabağ” cümlələri də daxil olan Azərbaycan dilindəki mətni isə erməni dilində yeni mətnə dəyişdirilərək əsər təhrif edilmişdir.

8.Beləliklə, mahnı təhrif edilməyə məruz qalmış, onun tərkib hissəsi olan musiqi barəsində plagiatçılıq törədilmişdir. Bununla da, ifaçı Gor Yepremyan və əsərin qanunsuz ifasında, həmin ifanın lentə alınıb internetdə yerləşdirilməsində iştirak etmiş şəxslər Bəhram Nəsibovun şəxsi müəlliflik hüquqlarını və onun varislərinin əmlak hüquqlarını pozmuşdur. Müəlliflik hüququnun qeyd edilən pozulması halı ilk növbədə pozuntunu törətmiş Gor Yepremyanın və digər şəxslərin hüquqi məsuliyyətini yaratmışdır.

9.Qeyd edilən pozuntu faktını araşdırmadıqda və aradan qaldırmadıqda, Ermənistan Respublikasının üzvü olduğu “Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern konvensiyasının 5-ci maddəsində təsbit edilmiş təməl prinsiplərindən biri olan “milli rejim” prinsipini və tərəf olduğu digər beynəlxalq müqavilələrin, o cümlədən Ümumdünya Əqli Mülkiyyət Təşkilatını (ÜƏMT) təsis edən Konvensiyanın, ÜƏMT-nin Müəlliflik Hüququna dair Müqaviləsinin və İfalar və Fonoqramlara dair Müqaviləsinin müddəalarını pozmuş olacağını bildiririk.

Bununla əlaqədar, Ermənistan Respublikasının müvafiq strukturlarından Azərbaycan bəstəkarı Bəhram Nəsibovun “Qarabağ” əsərinin Gor Yepremyan tərəfindən sözləri dəyişdirilməklə “Sirun jan” adı altında erməni xalq mahnısı kimi kütləvi ifa və təqdim edilməsi və plagiatçılıq hallarının aradan qaldırılmasını, Bəhram Nəsibovun müəlliflik hüquqlarının bərpa edilməsini, beynəlxalq hüquqa və milli qanunvericiliyə uyğun olaraq pozuntunu törətmiş şəxsləri məsuliyyətə cəlb etməyi və görülmüş tədbirlər barədə məlumat verməyi tələb edirik”.

Əvvəlki məqalə

Azərbaycan Ordusunun zabiti həlak olub

Sonrakı məqalə

Kürdəmirdə mikroavtobus su kanalına düşüb, xəsarət alanlar var