Bakıda baş verən yol qəzasında polis əməkdaşı ölüb

10 Aprel 2020 - 10:46

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Qəza Qaradağ rayonu Müşfiqabad qəsəbəsində qeydə alınıb. Quba rayon sakini sakini, 1998-ci il təvəllüdlü Səyyad Həzrətquliyevin idarə etdiyi “Mercedes” markalı yük avtomobili Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Ramin Cəfərovun idarə etdiyi “Changan” markalı minik avtomobili ilə toqquşub.

Nəticədə minik avtomobilin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Yol qəzasında dünyasını dəyişən R.Cəfərov polis əməkdaşıdır. APA-nın əldə etdiyi məlumata görə, o, Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rayon şöbələrinin birində polis nəfəri olub.

Faktla bağlı Qaradağ rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma, zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.