İDDO Psixi Sağlamlıq Proqramının təşkilatçılığı ilə Nizami Kino Mərkəzində “II Autizm Maarifləndirmə Forumu” keçirilib.
“Autizmdə Bütöv Yanaşma” mövzusuna həsr olunan forum maarifləndirici məzmunu və yüksək sosial əhəmiyyəti ilə seçildi. Forumun əsas məqsədi valideynlərin maarifləndirilməsi, mütəxəssislərin daha məsuliyyətli fəaliyyətə təşviq olunması və autizmli uşaqların cəmiyyətə inteqrasiyasının vacibliyinin vurğulanması olub.
Tədbir çərçivəsində autizm sahəsində mövcud problemlər, həll yolları və bu sahənin strukturlaşdırılması istiqamətləri müzakirə edilib.
Forumda Azərbaycan Respublikasının Milli Məclisinin deputatları İlham Məmmədov, Elçin Mirzəbəyli, Müşfiq Məmmədov, Məlahət İbrahimqızı, Aydın Hüseynov, Elman Nəsirov, Könül Nurullayeva, Nigar Məmmədova, eləcə də Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Təbib, Ailə, Qadın və Uşaq Problemləri Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri iştirak ediblər.
Eyni zamanda tədbirdə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfirinin həyat yoldaşı Zührə Akgün də iştirak edib.
Forum çərçivəsində Azərbaycan və Türkiyə arasında autizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində mühüm fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, iki qardaş ölkə arasında bu istiqamətdə bilik və təcrübə mübadiləsinin genişləndirilməsi, mütəxəssislərin birgə fəaliyyəti və beynəlxalq standartların tətbiqi gələcək dövrdə daha sistemli və effektiv nəticələrin əldə olunmasına şərait yaradacaq.
Çıxış edənlər autizm spektr pozuntularının müasir dövrdə geniş yayılmış və xüsusi diqqət tələb edən sahə olduğunu vurğulayaraq, bu kimi forumların valideynlərin düzgün istiqamətləndirilməsi və cəmiyyətdə məlumatlılığın artırılması baxımından mühüm rol oynadığını bildiriblər.
İDDO Psixi Sağlamlıq Proqramının rəhbəri Jalə Əhmədova çıxışında psixologiya mərkəzləri və psixoloji xidmətlərin fəaliyyətinin tənzimlənməsi istiqamətində görülən işlər barədə məlumat verib. O bildirib ki, bu məqsədlə standartlaşdırma komitəsi yaradılıb və 2026-cı il ərzində multidissiplinar komandanın iştirakı ilə etik kodeksin, diaqnostika və reabilitasiya standartlarının hazırlanması planlaşdırılır. Qeyd olunub ki, bu standartların tətbiqi erkən diaqnostikanın keyfiyyətinin artırılmasına və qeyri-peşəkar fəaliyyətlərin qarşısının alınmasına xidmət edəcək.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, millət vəkili Məlahət İbrahimqızı çıxışında autizm sahəsində dövlət siyasətinin gücləndirilməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, erkən diaqnostika və sistemli reabilitasiya xidmətlərinin inkişafı prioritet istiqamətlərdəndir və bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir.
İDDO Psixi Sağlamlıq Proqramının baş psixoloqu Rövşən Nəzərli çıxışında autizm spektr pozuntusunun erkən diaqnostikasının 6–9 aylıq dövrdən başlanmasının vacibliyini qeyd edib. O bildirib ki, diaqnozların gec qoyulması geniş yayılmış problemdir və 3 yaşda qoyulan diaqnoz artıq gec hesab oluna bilər. Eyni zamanda reabilitasiya prosesində multidissiplinar yanaşmanın vacibliyi vurğulanıb.
Forum çərçivəsində Türkiyədən dəvət olunmuş mütəxəssislər də çıxış ediblər. Dr. Anıl Gürkan “QEEG ilə beyin xəritələmə: Autizmdə beyinə necə baxırıq?” mövzusunda təqdimatla çıxış edərək metodun imkanları və məhdudiyyətləri barədə məlumat verib.
Dr. Murat Balanlı və dietoloq Ramilə İmanova autizmdə tez-tez rast gəlinən həzm sistemi problemləri, mikrobiota ilə davranış arasındakı əlaqə və sistemik iltihabın təsiri barədə çıxış ediblər.
Psixoloq Yeliz Ceylan isə autizmdə davranış və emosiyaların tənzimlənməsi, sensor həssaslıq, “meltdown” və “tantrum” arasındakı fərqlər, eləcə də ailələrin yol verdiyi tipik səhvlər və evdə tətbiq oluna biləcək dəstək üsulları barədə məlumat verib.
Forum zamanı iştirakçıların sualları cavablandırılıb, valideynlər üçün maarifləndirici müzakirələr aparılıb.
Qeyd olunub ki, bu cür təşəbbüslər inklüziv cəmiyyətin formalaşmasına, xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial inteqrasiyasına və onların inkişaf imkanlarının genişləndirilməsinə mühüm töhfə verir.




