Bakıda keçirilən bədii gimnastika üzrə dünya kuboku yarışlarının ilk qalibləri müəyyənləşib

Mayın 8-də Milli Gimnastika Arenasında bədii gimnastika üzrə dünya kuboku yarışlarının ikinci günü təmsilçilərimizin uğurlu çıxışı ilə yadda qalıb.

Mayın 9-dək davam edəcək kubok yarışları “Tokio-2020” Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyır.

İkinci yarış günündə fərdi gimnastlar lent və gürzlərlə, qrup komandalar isə 3 halqa və 2 cüt gürzlə proqramlarını təqdim ediblər.

Azərbaycanı yarışda Yay Universiadasının gümüş medalçısı, İslam Həmrəyliyi Oyunlarının qalibi, Olimpiya Oyunlarına lisenziya qazanmış Zöhrə Ağamirova, gənclər arasında dünya çempionatının ikiqat mükafatçısı Arzu Cəlilova, eləcə də son Avropa çempionatının üçqat medalçısı, Olimpiya Oyunlarına lisenziya qazanmış qrup hərəkətləri komandası təmsil edir.

Fərdi gimnastların lent ilə təsnifat yarışında uğurla çıxış edən idmançımız Zöhrə Ağamirova 21,275 xalla altıncı olub və finala yüksəlib. Z.Ağamirova ilə yanaşı, həlledici mərhələdə Alina Harnasko (Belarus), bolqarıstanlı Boryana Kaleyn, İtaliya təmsilçisi Aleksandra Acurcukukuleze, rusiyalı Daria Trubnikova, sloveniyalı Yekaterina Vedeneyeva, Andria Verdes (Rumıniya) və bolqarıstanlı Katrin Taseva mübarizə aparacaqlar. Digər gimnastımız Arzu Cəlilova isə təsnifatda 38-ci olub.

Gürzlərlə yarışlarda isə B.Kaleyn, D.Trubnikova, rusiyalı Lala Kramarenko, A.Acurcukukuleze, Milena Baldassarri (İtaliya), israilli Linoy Aşram, Fanni Pignicski (Macarıstan) və A.Verdes uğurlu çıxışlarına görə, həlledici mərhələyə vəsiqə qazanıblar. Təmsilçilərimiz Z.Ağamirova 17-ci, A.Cəlilova isə 30-cu nəticə göstəriblər.

Dünya kubokunda qrup hərəkətləri komandaları arasında 3 halqa və 2 cüt gürzlə yarışın finalçıları müəyyənləşib.

Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokinadan ibarət qrup hərəkətləri komandamız təsnifat mərhələsində 38,850 xalla dördüncü olub və finala vəsiqə qazanıb.

Azərbaycan komandası ilə yanaşı, Bolqarıstan, İtaliya, Belarus, Türkiyə, Ukrayna, İsrail və Braziliya kollektivləri finalda medallar uğrunda yarışacaqlar.

Komandamız 5 topla yarışlarda da turnirin finalına yüksəlib.

Daha sonra mükafatlandırma mərasimi təşkil olunub. Belə ki, fərdi gimnastlar arasında çoxnövçülükdə birinci yeri Daria Trubnikova (Rusiya), ikinci yeri Boryana Kaleyn (Bolqarıstan), üçüncü yeri Lala Kramarenko (Rusiya) tutublar. Mükafatlandırma mərasiminin maraqlı anı medalların gimnastlara pilotsuz uçuş aparatı vasitəsi ilə verilməsi olub.

Qrup komandaları arasında Bolqarıstan yığması qızıl, İtaliya komandası gümüş, Belarus millisi bürünc qazanıb.

Ənənəyə uyğun olaraq, kubok yarışlarında ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” kuboku təqdim olunub. İsrail təmsilçisi Linoy Aşram və Bolqarıstan milli komandası bu mükafatı qazanıb.

Qeydiyyat siyahısına əsasən, kubok yarışlarında 35 ölkədən 61-i fərdi və 106-sı qrup komandasının (18 qrup) üzvü olmaqla 167 gimnast iştirak edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bu gündən mayın 16-dək Azərbaycanda avtobuslar işləməyəcək

Sonrakı məqalə

Çinin raketnin dağıntıları Hind okeanına düşüb –