Baş Nazir hökumətin 2019-ci il üzrə fəaliyyətini Milli Məclisdə təqdim edəcək

- Videohesabatla
08 Aprel 2020 - 16:12

Baş Nazirin Milli Məclisin sabah keçiriləcək plenar iclasında videohesabatı dinləniləcək.

Bu barədə APA-ya Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib.

O bildirib ki, parlamentin aprelin 9-da keçiriləcək iclasında Baş Nazir Əli Əsədov Nazirlər Kabinetinin 2019-cu il üzrə fəaliyyətini karantin rejimi ilə əlaqədar videohesabat şəklində təqdim edəcək.

Videohesabat təqdim olunandan sonra aparılacaq müzakirələr zamanı deputatlar tərəfindən səsləndirilən rəy və təkliflər ümumiləşdirilərək Nazirlər Kabinetinə göndəriləcək.

Yaşı 65-i keçmiş deputatların plenar iclasda iştirakına gəlincə, A. Təvəkküloğlu bildirib ki, onlardan xahiş olunub ki, karantin rejiminin qaydalarına əməl olunsun.

Qeyd edək ki, Milli Məclisin sabah keçiriləcək plenar iclasının gündəliyinə altı məsələ daxil edilib. Bunlar Baş Nazir Əli Əsədovun Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyətinə dair hesabatı, Elman Rüstəmovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında məsələ, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş), Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında qanunun layihəsi (ikinci oxunuş), “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş), “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsidır (ikinci oxunuş).