“Biz Türkiyə olaraq bu gün də sülhün yanındayıq”.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop parlamentdə “İkinci Qarabağ müharibəsi və Ermənistanın müharibə cinayətləri” mövzusunda keçirilən paneldə çıxışı zamanı deyib.
O bildirib ki, ABŞ Prezidenti Co Baydenin 1915-c il hadisələrinə dair bəyanatının Ermənistana da faydası olmayacaq.
Türkiyənin bu gün çox güclü olduğunu vurğulayan parlament sədrinin sözlərinə görə, ölkəsi bu məsələdə çox rahatdır.
“Biz dövlətimizə atılan bu böhtanı təkrar rədd edirik. 2021-ci ildə nə dəyişib? 1915-ci il hadisələrinə dair yeni bir bilgi əldə edilib? Ya Bayden Birinci Dünya müharibəsi üzrə mütəxəssisdir? Bu sualların cavabı hamıya məlumdur. Bu, siyasi qərardır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2005-ci ildə hələ Baş nazir olarkən erməni tərəfinə müstəqil birgə komissiyanın yaradılması barədə təklif verib. Lakin Ermənistan bu çağırışlarımıza hələ də müsbət bir cavab verməyib”, – deyə M. Şentop vurğulayıb.