Beynəlxalq Cinayət Məhkəməsi Monqolustanın işini Roma Nizamnaməsi Tərəflərinin Assambleyasına göndərib.
Azpost.info xəbər verir ki, buna Monqolustanın Rusiya prezidenti Vladimir Putinə qarşı həbs orderini icra etməkdən imtina etməsi səbəb olub.
Putin sentyabrın əvvəlində Ulan-Batora səfər etmişdi.
BCM-nin İbtidai Palatası qərara alıb ki, Putin Monqolustanda olarkən onu həbs edib məhkəməyə verməməklə Monqolustan əməkdaşlıq tələbini yerinə yetirməyib. Bu da Roma Nizamnaməsinin müddəalarına ziddir. Palata bu məsələnin İştirakçı Dövlətlərin Assambleyasının müzakirəsinə çıxarılmasını zəruri hesab edib.
BCM xatırladıb ki, məhkəmənin yurisdiksiyasını tanıyan ölkələr statusundan və vətəndaşlığından asılı olmayaraq, orderli şəxsləri həbs və ekstradisiya etməlidir.
Daha əvvəl Monqolustan hökumətinin nümayəndəsi ölkənin BCM-nin Putinin həbsinə dair orderinin icrasından imtina etməsini enerji asılılığı ilə izah edib. Rəsmi bildirib ki, dövlət bütün diplomatik münasibətlərdə həmişə tərəfsizliyi seçib.
Azpost.info