Bir böyrəyin olmaması zamanı əlillik təyin edilirmi?- AÇIQLAMA

Böyrək xəstəliklərində əlilliyin təyin edilməsi orqanizmin funksiyasını yerinə yetirməsi əsasında müəyyən edilir. Yəni xroniki böyrək xəstəliyinin səviyyəsinə uyğun olaraq təyin edilir.

Bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-sosial ekspertiza xidmətinin təşkili departamenti müdirinin müavini İlkin Yusifov əlilliyin qiymətləndirilməsi ilə bağlı sualları cavablandırarkən deyib. O bildirib ki, bir böyrəyin olmaması, digər böyrəyin funksiyalarını tam yerinə yetirməsi hallarında əlillik dərəcəsi təyin edilmir:

“Əgər funksiya pozuntusu varsa, bu, müayinə və müalicə əsasında təsdiqini tapmalıdır və bundan sonra həkim məsləhət komissiyası tərəfindən göndəriş əsasında rəsmiləşdirilməlidir”.

O xatırladıb ki, əlilliyin təyin edilməsi üçün vətəndaş ilk olaraq qeydiyyatda olduğu dövlət tibb müəssisəsinə müraciət etməlidir:

“Burada müraciət edən şəxs həkim məsləhət komissiyaları tərəfindən müayinə olunur və əlilliyin təyinatına əsas verəcək hansısa ağırlaşmalar, orqanizmdə həyat fəaliyyətinə mane olacaq funksiyaların pozulmaları müəyyən edilirsə, elektron qaydada tibbi sosial ekspertiza müayinəsinə göndəriş verilir. Bu göndəriş onlayn qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzi elektron informasiya sisteminə daxil olur. Bu zaman göndəriş avtomatik şəkildə adsızlaşdırılır. Yəni şəxsin kimliyini müəyyən edən birbaşa və dolayı məlumatlar silinir, şəxsin ancaq tibbi məlumatları qalır. Tibbi sosial ekspert komissiyaları tərəfindən göndəriş əsasında qiymətləndirmə aparılır. Bu zaman şəxsin göndərişdə qeyd edilmiş xəstəlikləri, ağırlaşmaları, yanaşı xəstəliklər, stasionar müalicələrin nəticələri kompleks şəkildə qiymətləndirilir və bundan sonra əlilliyin təyinatı aparılır. Əks halda isə imtina qərarları verilə bilər”.

İmtina qərarının hansı halda verilməsinə aydınlıq gətirən İlkin Yusifov deyib ki, göndərişin natamam doldurma səbəbi ilə təsdiq edən tibb müəssisəsinə geri göndərilməsi əlilliyin təyinatında imtina hesab edilmir:

“Göndərişdə natamamlıq və uyğunsuzluqlar olduğu halda tibb müəssisəsinə geri göndərilirsə, bu zaman vətəndaş yenidən müayinəyə çağırıla bilər”(apa).

Əvvəlki məqalə

Bu halda ipotekaya xitam veriləcək

Sonrakı məqalə

Dünyada pensiya yaşının azaldılması deyil, artırılması müzakirə edilir