“Birləşək, kimi istəyirlər sədr seçsinlər…Fəxri ad təqdimatı əndazədən çıxmışdı” –RASİM BALAYEV (MÜSAHİBƏ)

 Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev Azpost.info-ya müsahibə verib.

Müsahibəni oxucularımıza təqdim edirik:

 

-Rasim müəllim, mayın 31-də Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçildiniz. Bu münasibətlə sizi bir daha  təbrik edirəm. İki aya yaxın müddət keçib. İşləriniz necə gedir?

– Şükür Allaha, işlər qaydasındadır. Mən uzun illər işdən-gücdən uzaq oldum. Çünki kinonun vəziyyəti bəlli idi. İnsan işsiz qalanda tənbəlləşir. Elə günlər olurdu ki, evdən bayıra çıxmaq istəmirdim. Amma sağ olsunlar çox təkidlər oldu, məni İttifaqa dəvət etdilər. Mən də onları qırmadım. Gəldim və bu işi davam etdiririk. Bunu özümə görə demək istəmirəm, amma burada kim olursa olsun, hazırki dövrdə iki Kino İttifaqının olması düzgün deyil. Bir İttifaq olmalıdır. Bu məsələni qaldırmaq, demək, xahiş etmək lazımdır ki, bu qurumlar birləşdirilsin və əgər lazım gələrsə seçki keçirilsin. Seçki yolu ilə kimi sədr seçirlər seçsinlər. Bütün hallarda bir İttifaq olmalıdır.

– Amma o tərəfdə aqressiv mövqedən çıxış edənlər var…

– Aqressivliklərini deyə bilmərəm. Çunki o, bizlik deyil. Amma bir respublikada iki Kino İttifaqının olması istehza yaradır. Özü də kinonun qıtlıq vaxtında. Kino yoxdur. Kino olmayan yerdə, bu ittifaqın kino ilə əlaqəsi yoxdursa, yerdə qalan hansı mötəbər işdən danışmaq olar. Zamanında Kinematoqrafçılar İttifaqı bilavasitə kinostudiyanın çəkdiyi filmlərlə sıx bağlı olub. Biz onların gördüyü işləri təbliğ edirdik. Kino İttifaqında yeni filmlərin baxışını, müzakirəsini  keçirirdik, tövsiyələr edirdik. Həmçinin, müəyyən insanların axtarılıb üzə çıxarılması, xüsusilə gənc istedadlara imkanların yaradılması ilə məşğul olurduq. Həyat inkişaf edir, dünyasını dəyişən sənətkarların yerinə gənclər gəlir. Bu gəncləri də ortaya çıxartmaq  Kino İttifaqının bir işidir. İstedadlı gənclərə dəstək olmaq lazımdır. Onlara filmlər verilməli, ssenarilər yazdırılmalıdır. Həmin gənclərə müəyyən işlərdə bir növ kömək etmək lazımdır. Bütün bu işləri görmək üçün isə kino olmalıdır. Kino olmalıdır ki, sadaladığım bütün işləri həyata keçirmək imkanımız olsun. Kino çəkilməyən yerdə bizim işimiz çətinləşir.

“Fəxri ad təqdimatı əndazədən çıxmışdı”

– Rasim müəllim, qarşıdan  Milli Kino Bayramımız gəlir. Milli Kino Günü  ərəfəsində hansı işlər görülür?

– Avqustun 2-si Milli Kino Günüdür. Sözsüz ki, biz də həmin günə hazırlıq işləri görürük. Kino sahəsində çalışan müxtəlif insanlar fəxri adlarla təltif ediləcək. Sizə deyim ki, son illər bu ad-san məsələlərinin təqdimatı bir qədər əndazədən çıxdı. Fəxri adların siyahısını Prezidentin qarşısına gətirib, qoyurlar. Təbii ki, Prezident bu siyahını təqdim edən adamlara inanıb, qol çəkir, imza atır. Zaman göstərdi, bəzi mərhələlərdə elə oldu ki, o ada daha layiq adamlar kənarda qaldı, amma o birilərinin adları təsdiq edildi. Belə məsələlərə görə insanların arasında narazılıq daha da artdı. İndi əsas məsələ odur ki, bütün bunlara daha obyektiv yanaşmaq lazımdır və burada tanışlıq, qohumbazlıq və.s. kimi məsələlər olmamalıdır. Mən təklif etdim ki, bunu kollegiyal şəkildə müzakirə etmək lazımdır. İnsallah, səsvermə yolu ilə təqdimat olacaq. Kino Günü ərəfəsində həmin insanlar təltif ediləcək. Hələlik əsas işimiz budur. Kino gününə hazırlıq işlərimiz davam edir.

– Təqdimat mərasimi sizin Kino evində keçiriləcək? Yoxsa Nizami Kino Mərkəzində?

– Hələ dəqiqləşdirməmişik. Həmin gün müxtəlif təqdimatlarımız, mükafatlarımız olacaq. Burada Kino məktəbini bitirən insanlar var. Təxminən 10 nəfər. Onların diplom təqdimatı olacaq. Həmin günü belə qeyd edəcəyik. Yəqin ki, təqdim etdiyimiz adamlardan fəxri adlar alanlar da olacaq. Həmin adamları da təbrik edəcəyik. Hələlik işimiz budur. Sonra isə bir müddət istirahət dövrü olacaq. Sentyabr ayından isə işlərimiz, tədbirlərimiz davam edəcək.

– Yəqin ki, həmin tədbirlər planına yubileylər də daxildir.

-Təbii ki, yubileylər, kino xadimlərimizlə bağlı xüsusi günlərin keçirilməsi tədbirlər planına daxil olacaq.  Amma bir məsələ var ki, bizim yerimiz çox geniş tədbirlərin keçirilməsinə imkan vermir.

-Bu binadan köçmək istəyirsiniz?

– Özünüzdə görürsünüz ki, bura darısqaldır. İndi əyləşdiyimiz bu otaq, həm mənim otağım, həm də toplantıların keçirildiyi məkandır. Belə ki, bu otaqda 15-20 nəfərlik, kiçik tərkibli iclaslar keçirmək olar. Yəni şərait o deyil. Amma sizə deyim ki, ən əsası bu deyil. Bunlarsız da keçinmək olar. Əsas məsələ Azərbaycanda yenidən kinonun dirçəlməsidir. Mənim və kinonun qədrini bilən insanların yeganə istəyi yenidən kinonun çəkilməsi, qaynar, yaradıcı prosesin başlanmasıdır. Hər yerdə məndən eyni məsələni soruşurlar: “Rasim müəllim, niyə əvvəlki kimi kinolar çəkilmir? Köhnə filmlərimizə çatan kinolar niyə yoxdur?”

-Sözünüzə qüvvət, bu fikirlər sizin Kinematoqrafçılar İttifaqına sədr seçilməyinizdən sonra yenidən gündəmə gəlib. İnsanlar elə düşünürlər ki, kino ilə bağlı bütün problemləri qısa bir vaxtda siz həll edəcəksiniz…

-Elədir. Hətta bura gəldikdən sonra mənə tez-tez deyirlər ki, “Sizin bura gəlişinizdən sonra kinomuz qaydasına düşəcək”.  O, adamlara demək istəyirəm ki, mən kino çəkmirəm.

-Təbii ki, bu fikirlər sizə qarşı olan inamdan, sevgidən irəli gəlir…

-Sözsüz. Sağ olsunlar. Bilirsiniz, hamı soruşur ki, “Heyif deyildi köhnə kinolar…” Bu sözləri az qala hər gün, xalqdan, camaatdan, müxtəlif təbəqəli insanlardan  eşidirəm. Mən arzu edirəm, elə filmlər çəkilsin ki, yenidən tamaşaçılarımızın zövqünü oxşaya bilək. Biz, kino xadimlərinin əsas vəzifəsi xalqımıza xidmət etməkdir. Belə olmayacaqsa, onda bizim burada görüləcək işimiz yoxdur. Kino yoxdursa, onda gərək hamımız dağılışıb, çıxıb gedək.

-Rasim müəllim, ümid yeri var ki, yaxın zamanda kinomuzla bağlı sevindirici xəbərlər ala biləcəyik?

-Vallah, mənə hər dəfə belə suallar ünvanlananda çəkildiyim bir gürcü filmi yadıma düşür. Hərçənd o filmin də çəkilişləri sonradan yarımçıq qaldı. Filmin adı belə idi. “Ümid sonda ölür”…

 “Teatrımız çox geridə qalıb”

-Söhbətimizin əsas mövzusu kino olsa da, son zamanlarda kinomuzla bərabər teatr səhnəsindən də üzümüz gülmür. Maraqlı əsərlər, sənət hadisəsinə səbəb olacaq tamaşalar azalıb və demək olar ki, yox dərəcəsindədir.

– Teatrdakı dostlarım inciməsin amma, bizim teatrımız çox geridə qalıb. Bilirsiniz, teatra, kinoya zorla adam aparmaq lazım deyil. Arzu edirəm ki, keçmişdə olduğu kimi teatra, kinoya tanışlıqla bilet tapaq, teatr kassalarının qarşısında uzun tamaşaçı növbələri görə bilək. Çünki bir zamanlar belə idi. Yadımdadır, mən orta məktəbdə oxuyanda Bakıya gəzməyə gəlmişdim. Hələ teatrın nə olduğunu o dərəcədə başa düşmürdüm.  Amma yadımdadır ki, tamaşadan əvvəl Azdramanın yanında atlı milis dəstələri görmüşəm. Adam əlindən tərpənmək olmurdu. Təbii ki, indi o dövrdəki kimi ola bilməz və bu mümkün də deyil. Dövrümüz internet əsridir. Əvvəllər necə idi? İnsanlar işdən gəlirdilər, teatrda bu gün filan tamaşa var, deyərək bəzənib teatra dincəlməyə, mənəvi zövq almağa gedərdilər.  O illərdə teatra getmək bir bayram idi. Düzdür, o zamankı teatrda pafos var idi. Amma aktyorların pafoslu danışığı o zaman qəbul olunurdu. Bu gün elə tamaşalara baxmaq olmur. Çox təəssüf ki, bəzi tamaşalarımızda o pafos hələ də qalıb.

– Elə aktyorlarımızda da qalıb…

– Düzdür, bir çox aktyorlarımız hələ də pafosla, qışqıra-qışqıra danışırlar.

-Deyəndə də xətirlərinə dəyir…

-Bəli, deyəndə xətirlərinə dəyir. Ona görə də tamaşaçı elə tamaşalara baxa bilmir. Mən bunu təkrar-təkrar deyirəm. Bu gün aktyorun və rejissorun işi çox çətindir. Niyə? Çünki 40 il bundan qabaqkı tamaşaçını aldatmaq, həmin tamaşaçıya pafosla, müxtəlif yest və mimiklərlərlə siraət etmək çox asan idi. Bu günün tamaşaçısı tam başqadır. Bu günkü tamaşaçı aktyordan reallıq gözləyir. Aktyor o qədər real, o qədər təbii olmalıdır ki, səhnədə yaşadığı hissi tamaşaçıya inandırıcı formada ötürə bilsin. Kinoda isə vəziyyət başqadır. Kino təsviri sənətdir və kinoda tamam başqa məsələlər tələb olunur. Kino, teatrdan fərqli olaraq çox mətn sevmir. Məsələn, teatrda aktyor uzun monoloqlar deyə bilər. Təbii ki, yeknəsək, monoton olmamaq şərti ilə.

-Amma bu günün teatr tamaşaçısı uzun monoloqlar dinləməyi sevmir. Yorulduğunu deyir…

– İnanın ki, aktyor səhnədən həmin monoloqu yaşayaraq tamaşaçıya çatdıranda, tamaşaçı ona inanır, bütün diqqətini aktyora yönəldir. Məsələn, səhnədə iki dəqiqə pauza vermək böyük işdir. Əsl aktyor səhnədə iki dəqiqəlik pauza verib, düşünürsə, tamaşaçı da onunla birlikdə düşünür.  Filmlərdə elə səhnələr olur ki, rejissor aktyordan söz deyil, baxış istəyir. Məsələn, aktyora deyir ki, bu kadrda gözlərinlə oyna. Vəziyyəti tamaşaçıya gözlərinlə, baxışlarınla çatdır. Aktyor baxışları ilə tamaşaçını inandıranda, ekran qarşısında əyləşənlər yaxşı mənada aktyora baxmağa məcbur olur. Misal olaraq, “Baharın on yeddi anı” filmində V.Tixonovun həyat yoldaşı ilə görüş səhnəsini xatırlayın. O, səhnədə söz yoxdur. Heç orada mətnə də ehtiyac duyulmur. Sadəcə dərin, mənalı baxışlar var. var. Bax, kino budur. Həm də kinonun imkanları genişdir. Kinonu hər yerdə, naturada, pavilionda çəkmək olar. Kinonun tamaşaçı kütləsi də çox genişdir. Amma bu günün müasir teatrında da müxtəlif səhnə effektlərindən istifadə etməklə, tamaşaçını heyrətə salmaq olar. Teatrda inqilab olmalıdır. Sənət inqilabı.

– Rasim müəllim, teatrdan söz düşmüşkən sonuncu dəfə hansı tamaşanı izləmisiniz və yadınızda qalan, sizə təsir edən tamaşa olub?

– Yaddaqalan elə bir tamaşa olmayıb. Son zamanlar televiziya ilə nümayiş edilən bir neçə tamaşa və aktyorları izləmişəm. Amma görürəm ki, onların danışıq tərzinə qulaq asmaq olmur. Danışıq tərzi demişkən, bir haşiyə çıxım. Günlərin birində, təxminən 20 il bundan əvvəl  “Fərhad və Şirin” tamaşasına baxdım. Həmin tamaşada Xalq artisti Həsən Məmmədov Xosrov rolunda çıxış edirdi. Fasilə zamanı səhnə arxasına keçdim. Baxmayaraq ki, söz deyəndə inciyirlər. Amma Həsən Məmmədova ərk edərək, dostcasına dedim ki: “Həsən, sən niyə qışqırırdın?”  Rəhmətlik dedi ki, “Rasim, bu teatrda qışqırmasan deyirlər bunun səsi yoxdur”  “Tamaşada yaxşı pauzalar var. Onu niyə oynamadın?” deyəndə isə, rəhmətlik bildirdi ki “ Burada pauza vermək olmur. Pauza verəndə elə bilirlər ki, sözün yadından çıxıb”.  Yəni vəziyyət belədir. Bəzən deyirlər ki, teatr səhnəsində yavaş danışanda arxa sıralarda əyləşən tamaşaçılar aktyorun səsini eşitmir. Əgər bu gün belə problem yaranırsa, aktyorun üzərinə kiçik mikrofon yerləşdirmək olar. Bildiyim qədəri ilə bir çox tamaşalarda bu üsuldan istifadə ediblər və heç də pis alınmayıb.

– Bəzi tamaşalarda mikrofondan istifadə edilib. Amma bir çox sənət adamları teatr səhnəsinə mikrofonla çıxan aktyorlara pis baxırlar. Deyirlər ki, böyük səhnəyə çıxan aktyorun zalda eşidiləcək qədər səsi olmalıdır. 

– Mən düşünürəm ki, bu yanlış fikirdir. Səhnədə elə məqam yaranır ki, pıçıltı ilə danışmaq, həmin pıçıltını tamaşaçıya çatdırmaq lazımdır. Zalda əyləşən tamaşaçı, aktyorun pıçıltısını, nəfəsini eşitməlidir. Aktyor lazım gələndə susmalı, sükutu yaşamalıdır. Aktyor yaratdığı obrazı tamaşaçıya inandırıcı şəkildə çatdıranda, tamaşaçı  onu eşidəcək. Ona görə deyirəm ki, səhnədə, sənətdə yaxşı mənada inqilab etmək lazımdır. Tamaşaçı artıq öz xoşuna teatra, kinoya  gəlmək istəmir. Çünki, tamaşaçını həm kinodan, həm də teatrdan qaçırtmışıq. İndi elə etmək lazımdır ki, tamaşaçılar yenidən kinoya, teatra tamaşa etməyə gəlsinlər. Kiminsə dəvəti, xahişi ilə deyil, sevərək, istəyərək gəlsinlər. Kinoda və teatrda müasir texnikanın bütün imkanlarından istifadə etmək lazımdır. Yəqin fikir vermisiniz, elə xarici filmlər var seyr edəndə bütün səsləri, effektləri yanında baş vermiş kimi hiss edirsən. Məsələn, ekranda göy guruldayır, yağış yağır, sənə elə gəlir ki, təbiət hadisəsi sənin yanında baş verir.

-Toxunduğunuz bütün məsələlər çox doğrudur, Rasim müəllim. Amma son illər rejissor məktəbimiz də o səviyyədə deyil…

– Nəinki rejissor, həmçinin yazarlar, dramaturqlar, aktyorlar. Bunların hamısı birləşəndə bir bütün olur. Sənətə yeni gələn gənc nəsil var.  İstər rejissorlar, istərsə də aktyorlar. Amma onlar əsasən seriallar çəkməklə məşğuldurlar. Serial çəkməklə inkişaf etmək olmaz. Aktyor yaxşı filmlərdə oynamalıdır. Yaxşı rejissorun əlinə düşməlidir ki, inkişaf edə bilsin. Hazırda çəkilən seriallarla aktyor yetişdirmək mümkün deyil. Bir neçə serialda mən də çəkilmişəm və oradakı iş üslubunu görmüşəm.

“Hazırda çəkilən seriallarla aktyor yetişdirmək mümkün deyil”

– Serial sənayesi son illərdə Türkiyədə yaxşı inkişaf edib.

– İndi mən sizə deyim. 1994-95-ci illərdə TGRT kanalının çəkdiyi “İbrahim Gülşəni Həzrətləri” və “Qanayan yara Bosniya” filmində çəkilmişdim. Aradan 27-28 il ötüb. Tarix üçün elə də böyük zaman kəsiyi deyil. O zamanlar Türk kinosu bu günkü səviyyədə deyildi. Sonralar gənc rejissorları, operatorları Almaniyaya, Amerikaya oxumağa göndərdilər. Peşəkar kino ordusu yaratdılar. Ona görə bu gün Türkiyənin istehsal etdiyi filmlər, əsasən də seriallar bütün dünyanın kino sənayesini əlinə alıb. Dünyanın bir çox ölkəsində türk serialları tərcümə edilərək nümayiş olunur. Son 30 ildə türk kinosu bu qədər inkişaf etdi. Amma biz yüksəklikdən enib, bu günkü səviyyəyə düşdük. Düzdür, oturub danışsaq, bunun səbəbini araşdırsaq çox problemlər ortaya çıxacaq.   Sizə bir hadisəni danışım. “Kanayan yara Bosna” filmində  məşhur türk aktyoru Serdar Gökhanla  çəkilmişdim. Günlərin birində mənə dedi ki: “Rasim bəy, gedək futbola. Bu gün Qalatasarayla-Fənərbaxça oynayır”. Mən getmək istəmədim və oyunu televiziya ilə seyr edəcəyimi söylədim. Serdar Gökhan stadionda futbola baxmağın ləzzətinin başqa olduğunu deyərək, əlavə etdi ki, “Darıxmayın, sizdə də futbol inkişaf edəcək”. Mən də cavabında: “Əfəndim, bizdə futbol olanda sizdə yox idi” dedim və tələbəlik illərimə təsadüf edən bir hadisəni danışdım. 1968-ci ildə mən 3-cu kursda oxuyurdum. Bir gün eşitdim ki, Neftçi Qalatasarayla oynayacaq. İki saat əvvəl stadiona getdim. Yaxşı yerdə oturdum ki, uzaqdan da olsa türkləri görüm. Çünki o vaxtlarda Türkiyə ilə aramızda səddlər var idi. Türk adını çəkmək olmurdu.  Həmin oyunda Neftçi-Qalatasarayı 7-0 uddu. Bu hadisəni Serdar Gökhana danışanda inanmadı. Amma gedib araşdırandan sonra gəldi ki, “Siz düz deyirdiniz, Rasim bəy”. Bu misalı kino ilə müqayisə üçün çəkdim. Yaşadığımız məlum ictimai-siyasi hadisələr, Qarabağ müharibəsi, iqtisadi çətinliklər fonunda kinomuz arxa plana keçdi. Amma bütün bunlar keçmişdə qaldı. Şükür Allaha ki, torpaqlarımız işğaldan azad edildi. Bundan sonra mədəniyyətimiz, teatr və kinomuz yüksələn xətlə inkişaf etməlidir. Kinomuzun yaxşı günlərini yenidən görmək istəyirəm.

-İnşallah.  Rasim müəllim, son vaxtlar mətbuatda sizin ünvanınıza bir zamanlar dost dediyiniz adamlar tərəfindən yalan-yanlış sözlər deyilir. Təəssüf ki, adam hər yaşda dost bildiyi adamlardan xəyanət görür…

– Sözün düzü, bu barədə çox danışmışam. Bir daha bu məsələyə münasibət bildirməyəcəm. Düşünürəm ki, gərək əvvəldən münasibət bildirməzdim. Amma yeganə bir şey xoşuma gəldi ki, 57 il çörək kəsdiyim, dost dediyim adamı gec də olsa tanıdım.

– Rasim müəllim, son illər qonşu ölkələrdə görkəmli sənət xadimləri haqqında avtobioqrafik filmlər çəkilməsi dəb halını alıb. Nə zamansa sizin haqqınızda belə bir filmin ekranlaşdırılmasını istərdinizmi?

Yox, avtobioqrafik bədii filmin çəkilməsini istəmirəm. Azərbaycan tarixində elə böyük insanlar olub ki, onlar haqqında filmlər çəkilməlidir. Amma ürəyimdə çox maraqlı obraz oynamaq arzusu var.

– Maraqlıdır. Hansı janrda?

– Janrını, obrazın necəliyini deyə bilmərəm. Amma dərin, psixoloji və ya tragikomik bir obraz ifa etmək istəyirəm. Elə bir obraz ifa etmək istəyirəm ki, yaddaqalan olsun, insanların qəlbinə, duyğularına toxunsun. Tarixdə qalsın.

-Allah sizə can sağlığı versin, Rasim müəllim. Bütün arzularınız çin olsun.

 

Ülviyyə Həsənqızı

Azpost.info

 

Əvvəlki məqalə

“ABŞ-ın Ukraynaya verdiyi silahlar cinayətkarların əli ilə bütün dünyaya yayılır”

Sonrakı məqalə

Şeyxülislam Gürcüstana gedir, Patriarx II İliya ilə görüşəcək