Birləşmiş Ştatların sutkalıq neft istehsalı rekord səviyyədədir

- Rəqəmlər
31 Oktyabr 2019 - 13:24

ABŞ-ın gündəlik xam neft hasilatı 12,6 milyon barreldir.

Azərtac xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın neft istehsalı sutkada orta hesabla 12,6 milyon barrel olub. Bu göstərici ölkə tarixində neft istehsalının ən yüksək səviyyəsidir. Birləşmiş Ştatların neft hasilatı sonuncu dəfə 1970-ci ilin noyabrında maksimum – gündəlik orta hesabla 10,04 milyon barrel təşkil edib.

ABŞ-ın sutkalıq neft istehsalı yanvarda orta hesabla 11,9 milyon barrel, fevralda 12 milyon barrel, martda 12,2 milyon barrel, apreldə 12,3 milyon barrel, mayda 12,4 milyon barrel, iyunda 12,2 milyon barrel, iyulda 12 milyon barrel, avqustda 12,3 milyon barrel, sentyabrda isə 12,4 milyon barrel olub.

Keçən həftə ABŞ-ın neft idxalı əvvəlki həftəyə görə 840 min barrel artaraq gündəlik 6,7 milyon barrel təşkil edib. Ölkənin xam neft ixracı isə əvvəlki həftə ilə müqayisədə 356 min barrel azalaraq sutkada 3,3 milyon barrelə düşüb.

EIA-nın proqnozuna görə, ABŞ-ın neft hasilatı bu il sutkalıq orta hesabla 12,3 milyon barrel, gələn il isə 13,2 milyon barrel olacaq.