“Birmarket”dən şikayət – Çatdırılma dəyişdirildi, mağaza razılıqsız əvəz olundu

Birmarket
Birmarket

Alıcı “Birmarket” şirkətinin xidmətindən narazı qaldığını bildirərək yaşadığı problemləri ictimailəşdirib.

AzPost xəbər verir ki, vətəndaş Xiaomi G20 Max model elektrik süpürgəsini almaq üçün əvvəlcə bazar araşdırması apardığını, daha münasib qiymətə görə “Birmarket” platformasını seçdiyini qeyd edib. Onun sözlərinə görə, məhsulun təsvirində yalnız bir universal başlıq göstərildiyi üçün 915 nömrəsi vasitəsilə şirkətlə əlaqə saxlayaraq 5 başlıqlı tam komplektasiyanın hansı mağazada mövcud olduğunu dəqiqləşdirib. Operator həmin komplektasiyanın online mağazada olduğunu bildirib.

Bundan sonra sifariş rəsmiləşdirilib, çatdırılma tarixi 15 fevral saat 09:00–15:00 aralığı seçilib və sifariş kreditlə təsdiqlənib. Lakin alıcının iddiasına görə, sonradan heç bir əvvəlcədən xəbərdarlıq edilmədən çatdırılma tarixi 17 fevrala dəyişdirilib.

Məsələ ilə bağlı operatorla yenidən əlaqə saxlanıldıqda isə bildirilib ki, guya çatdırılma ünvanında küçə təsdiqlənməyib. Halbuki sifariş zamanı şəhər, qəsəbə və küçə açıq şəkildə qeyd edilib. Alıcının sözlərinə görə, ona “biz bu küçəni tanımırıq” cavabı verilib.

Bundan əlavə, tətbiq üzərindən məlum olub ki, online mağaza sifarişi göndərməyib və məhsul alıcının razılığı olmadan başqa bir mağazadan rəsmiləşdirilib. Bunun səbəbi soruşulduqda isə “biz də bilmirik” cavabı verildiyi iddia olunur.

Alıcı nəticə olaraq çatdırılma tarixinin xəbərdarlıq edilmədən dəyişdirildiyini, səbəbin əsassız göstərildiyini, mağazanın razılıq olmadan dəyişdirildiyini və yaşanan narahatlığa görə üzr istənilmədiyini qeyd edib.

Qeyd edək ki, paylaşım şəxsi təcrübəyə əsaslanır. Məsələ ilə bağlı “Birmarket” şirkətinin mövqeyini dərc etməyə hazırıq.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.