“Biz sülhməramlılara arxayın olmamalıyıq” –Siyavuş Novruzov

Milli Məclisin (MM) bugünkü iclasında “Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2021-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqında” qanun layihələrinin ikinci oxunuşda müzakirələrinə başlanılıb.

Azpost.info Etikxeber.az-ə istinadən bildirir ki, qanun layihələri haqqında MM-in Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevin qısa məlumatı dinlənilib.

O, birinci oxunuş zamanı DSMF-nin büdcəsi ilə bağlı 7 millət vəkilinin çıxış etdiyini xatırladıb.

“Gələn il əmək pensiyalarının orta aylıq məbləğinin 340, yaşa görə pensiyaların isə 370 manat olması proqnozlaşdırılır”-deyən komitə sədri bildirib ki, DSMF-nin gələnilki büdcəsi insanların sosial müdafiəsinin gücləndirilməsinə etibarlı təminat yaradacaq: “Gələn ilin büdcəsində, ümumiyyətlə, sosialyönümlü xərclərin artırılması proqnozlaşdırılır. Bu da Prezident İlham Əliyevin yürütdüyü sosial siyasətin tələbidir”.

M. Quliyevin qısa məlumatından sonra müzakirələrə, çıxışlara başlanılıb.

MM-in Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov çıxışında telekanallara iradını bildirib.

Qeyd edib ki, Şəhidlər, Şəhid ailələri və Qazilərlə bağlı verilişlər, süjetlər hazırlanarkən, maddiyyat məsələsi önə çəkilməməlidir.

“Bizim əsgərlər muzdu hərbçilər deyil ki?! Onlar özləri könüllü şəkildə döyüşə, Vətənin müdafiəsinə gediblər. Otuz ildən artıq içlərindəki Vətən, torpaq eşqinə görə, vuruşublar, döyüşüblər. Onların əməyini, zəhmətini maddiyyatla kiçiltmək lazım deyil. Onların maddi problemləri var və həllini tapmalıdır, hamımız bunu istəyirik, zaman-zaman da bu istiqamətdə addımlar atılıb və atılacaq. Ancaq bu məsələdə mənəvi məqamları qabartmaq lazımdır. Biz sülhməramlılara da arxayın olmamalıyıq. Öz əgərimizə arxalanırıq, inanırıq və o özü hər şeyi yoluna qoyur və qoyacaq”-deyə, komitə sədri sözlərinə əlavə edib.

“Hansısa vətəndaş şəhid və qazilərə yardım işinə qoşula bilər. Məsələn, 20 obyektindən birini şəhid ailəsinə bağışlayar, bununla da dövlətə yardım etmiş olar”.

Bunu da MM-in Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa deyib.

Deputat bildirib ki, yanvar ayından başlayaraq bəzi vacib addımların atılmasına başlamalıyıq: “Bu, nədir? Biz Bakıda gecəqondularda məskunlaşan və işsiz olan insanları bölgələrə qaytarmağın yollarını tapmalıyıq. Bu insanları təsərrüfata qaytarmaq üçün stimullaşdırıcı tədbirlər görülməlidir. İkincisi, ictimai nəqliyyatla bağlı problem həllini tapmalıdır. Biz kiçik görünə bilən məsələlərin həlli istiqamətində təcili surətdə addımlar atmalıyıq. Üçüncüsü, Hesablama Palatasının təqdim etdiyi rəydə özəlləşdirmə prosesinə yenidən baxmağı təklif edirəm. Bu məsələdə şəffaflıq təmin olunmalıdır”.

“Deputatlar burada təklif edir ki, filan yerə vəsaiti bu qədər artırın, filan yerə 3 milyard artırın. Qarabağda bir söz var: nəylə Alış?!”.

Bunu da deputat Aqil Abbas deyib.

Deputat bildirib ki, dövlət büdcəsini hazırlayan mütəxəssislər ölkənin gəliri hesabına bu vəsaitləri bölüb, proqnozlaşdırıblar:

“Xahiş edirəm, danışanda nəzərə alın ki, hökumətin üstünə çox gedirsiniz. Hökumətin üstünə bu qədər gedəndə, dediyiniz vəsaiti haradan tapacağını da deyin. Bəlkə xaricdən borc alınsın? Biz 44 günlük Vətən müharibəsi zamanı cəbhəyanı kəndlərin birində idik. Həmin kənddə qaz yoxdur. Orda sual edirdilər ki, bizim kəndə nə vaxt qaz çəkiləcək? Haqlı olaraq belə bir irad səsləndirildi ki, biz müharibə edib Qarabağı azad edək, ya qaz çəkək? Yəni fikir səsləndirəndə bizim 44 günlük ağır müharibədən çıxdığımızı unutmayaq”.

Sonra hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyulub və hər ikisi də ikinci oxunuşda qəbul edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“İşğaldan azad olunmuş ərazilərin bərpasına ayrılan vəsait artırılmalıdır” –

Sonrakı məqalə

Ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqlandı