“Bizim Cəbiş müəllim” filmindəki “Çağırsa ellər, gedərəm davaya” meyxanasını kim yazıb? –Müəllifi 50 ildən sonra açıqlandı

1968-ci ildə görkəmli rejissorumuz Həsən Seyidbəylinin ekranlaşdırdığı “Bizim Cəbiş müəllim” filmində məşhur meyxana səhnəsi var. Ötən həftə bu filmlə bağlı bir veriliş çəkildi. Həmin proqramda da şahidi oldum ki, filmdə bizim söylədiyimiz və 50 ildir unudulmayan məşhur meyxananın müəllifi ilə bağlı müxtəlif ziddiyyətli fikirlər dolaşır. Hər kəs o meyxananın kiməsə aid olduğunu iddia edir. Bilirsiniz, mən Azərbaycanda olmadığıma görə, bu filmlə, xüsusilə filmdə olan meyxana səhnəsi ilə bağlı cürbəcür söhbətlər olub. Filmdə çəkildiyimə görə, bu hadisəni dəqiqliklə bilirəm”.

Bu maraqlı və özəl açıqlamanı Open.aza Türkiyədə yaşayan dəyərli sənətkarımız, Xalq artisti, “Bizim Cəbiş müəllim” filmində ifa etdiyi Rəsulov obrazı ilə böyük kinoda ilk rolunu ifa edən Cahangir Novruzov deyib.

Cahangir Novruzov 50 ildən sonra filmdə səslənən meyxananın yaranma tarixçəsini və müəllifinin kimliyini bizimlə bölüşüb: “Bizim Cəbiş müəllim” filmi 1968-ci ildən etibarən çəkilməyə başlamışdı. 1969-cu ildə “Bizim Cəbiş müəllim” filmi ekranlara çıxdı. Mən o filmdə iştirak etdiyim üçün özümü çox xoşbəxt hiss edirəm. O zaman yeniyetməydim. Orta məktəbin 8-ci sinifində oxuyurdum. 14-15 yaşım var idi. “Bizim Cəbiş müəllim” filmində hamıya maraqlı olan meyxana səhnəsi var. O səhnənin yaranma tarixçəsi belə olub. O zamanlar Maştağada “Albalılıq” adlanan yerdə bağımız var idi. Bağ qonşularımız yerli maştağalı uşaqlar idi. Bizim bağımızdan 50-60 metr aralıda bir ailə yaşayırdı. 3 qardaşdılar – Məmməd, Fərhad və Şirzad. Onların yanına isə tez-tez Molla Məmməd adlı dostları gəlirdi. Molla Məmməd Bakı ləhcəsi ilə desək, həmin qardaşlarla “cur” idi. Axşamlar onların həyətində bir neçə “sinədəftər”uşaqlar da yığılardı və şeir axşamları keçirərdilər. Bədahətən şeirlər deyər, meyxanalar söyləyərdilər. Onların öz aralarında təşkil etdikləri şeir gecələrinə mən də qoşulardım. Mən daha çox qulaq asırdım. Amma onları diqqətlə dinlədikcə, hərdənbir bədahətən nəsə söyləyirdim. Təbii ki, özümə şair deyə bilməzdim. Amma onların ab-havasına “yoluxmuşdum”. Hətta bizim bağ qonşumuz səsimizi eşidib gəlirdi və birlikdə oturub söylədiyimiz meyxanaları dinləyirdi. Bir dəfə bizə dedi ki: “Ay, uşaqlar maqnitafon gətirib, sizin səsinizi yazacam”. Elə də etdi. Sonralar meyxana deyən uşaqların səs yazıları avtomobillərdə yayıldı. Sizə deyim ki, avtomobildə səsləndirilən meyxana şeirlərinin ilkini, siftəsini biz söyləmişdik. Bunu heç kim məxsusi etmirdi. Sadəcə olaraq hər kəs eşidirdi, dinləyirdi və bəyənirdi. 1960-cı illərin sonunda bizim söylədiyimiz meyxanalar o qədər düzgün, tərbiyəviydi ki, uşaqdan-böyüyə hər kəs dinləyə bilirdi. Meyxanaların müəllifi Molla Məmməd idi. O illərdə Molla Məmmədlə mənim aramda dostluq yarandı. Həmin ərəfələrdə isə “Bizim Cəbiş müəllim” filmi çəkilməyə başladı. Günlərin birində filmdə, meyxana səhnəsində deyəcəyimiz mətnin surətini bizə payladılar. Mən həmin şeirləri oxudum. Bu mətn qətiyyən meyxana deyildi. Elə həmin an yadıma Molla Məmməd düşdü. Anam, Nəsibə xanıma yaxınlaşıb dedim ki, “Bu yazılan şeirdir, meyxana deyil. Burada Molla Məmməd var. O bundan yaxşı yaza bilər”. Anam fikirlərimi rəhmətlik Həsən müəllimə söylədi. Həsən müəllim Molla Məmmədin kimliyi ilə maraqlandı. Mən bağdakı uşaqlar və Molla Məmmədlə bağlı Həsən Seyidbəyliyə məlumat verdim. Bir azdan meyxanaçı uşaqları Həsən müəllimin yanına gətirdilər. 4-5 nəfərdilər. Onların arasında Molla Məmməd və qardaşı Şirzad da var idi. Həsən Seyidbəyli onların söylədiyi bir-iki meyxananı dinləyəndən sonra soruşdu ki, “Söylədiyin meyxananı bir az bəzəyə bilərsən?” Molla Məmməd isə: “Mən sizin qarşısınızda elə bir şey edə bilmərəm” dedi. Həsən müəllimin təhrikindən sonra Molla Məmməd pərdəli şəkildə amma çox gözəl üslubda filmin yaradıcı heyətinin, xüsusilə Həsən Seyidbəylinin portretini meyxanada “canlandırdı”. Həsən müəllim çox bəyəndi. Uğunub getdi və həmin an filmdə səslənməsi zəruri olan meyxananın mövzusunu Molla Məmmədə dedi. Bir müddətdən sonra səsimizi yazmaq üçün studiyaya gəldik. Həsən Seyidbəyli Molla Məmmədin gətirdiyi şeir nümunələrinə baxıb, filmdə səslənəcək meyxananı seçdi. Sonra bizimlə məşq elədi və uşaqlarla birlikdə səsimizi yazdılar. “Bizim Cəbiş müəllim” filmində səslənən məşhur meyxananın müəllifi Molla Məmməddir. Hadisə belə olub. Və o meyxananın filmdə səslənməsinin də səbəbkarı mən və Nəsibə xanımdır. Nəsibə xanım mənim təklifimi Həsən Seyidbəyliyə çatdırmasaydı yəqin ki, filmdə səslənən meyxana başqa cürə olacaqdı. Amma Molla Məmmədin kimin şəyirdi olduğunu xatırlamıram. Sözsüz ki, ustadı var idi. Yəqin ustadının kim olduğunu Maştağa camaatı, qəzəlxanlar, meyxanaçılar xatırlayarlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Xələf Xələfov:

Sonrakı məqalə

ABŞ İran prezidentinə viza vermir –