BMT-dən süni intellektlə bağlı çağırış –“Ümumi təhlükəsizlik qaydaları yaradılmalıdır”

BMT Baş katibi Antonio Quterreş süni intellektin sürətli inkişafı fonunda qlobal təhlükəsizlik qaydalarının yaradılmasına çağırıb.

Quterreş hesab edir ki, qabaqcıl AI sistemlərini inkişaf etdirən ölkələr texnologiyanın nəzarətsiz yarışa çevrilməsinin qarşısını almaq üçün ümumi təhlükəsizlik mexanizmləri yaratmalıdır.

Onun sözlərinə görə, süni intellektin inkişafı elə sürətlənib ki, hökumətlər və beynəlxalq qurumlar onun yaratdığı risklərə uyğunlaşmaqda çətinlik çəkirlər.

Məsələ bu həftə Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasında da müzakirə olunacaq. BMT Təhlükəsizlik Şurasının süni intellekt və beynəlxalq təhlükəsizlik mövzusunda ayrıca iclas keçirməsi gözlənilir.

Reuters bildirir ki, bu müzakirələr süni intellekt sənayesinin bir sıra rəhbərlərinin texnologiyanın inkişaf tempinin koordinasiyalı şəkildə yavaşladılmasına çağırışlarından sonra keçirilir.

Quterreş 2023-cü ildə AI üzrə 39 nəfərdən ibarət məsləhətçi qurum yaradıldığını xatırladıb. Burada texnologiya şirkətlərinin rəhbərləri, dövlət rəsmiləri və alimlər təmsil olunur.

BMT rəhbərinin mövqeyi ABŞ Prezidenti Donald Trampın yanaşmasından fərqlənir. Tramp AI sahəsində mövcud hüquqi mexanizmlərin kifayət etdiyini bildirir və əlavə tənzimləmələrin texnologiyanın inkişafını ləngidə biləcəyini deyir.

Quterreş isə hesab edir ki, xüsusilə ən qabaqcıl AI sistemlərini hazırlayan ölkələr arasında məlumat mübadiləsi, əlaqə və ümumi təhlükəsizlik standartları yaradılmalıdır.

O, süni intellektin təhlükəsiz və məsuliyyətli inkişafı üçün beynəlxalq səviyyədə ortaq yanaşmanın formalaşdırılmasını vacib sayır.

Bu mövzu BMT Baş Assambleyasının builki gündəmində süni intellektin ilk dəfə bu qədər ön plana çıxması baxımından diqqət çəkir.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.