BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Ukrayna böhranına görə bir sıra ölkələr üçün “fəlakətli aclıq” təhlükəsinin olduğunu bildirib.
Azpost.info xəbər verir ki, təşkilat həmçinin dünya üzrə əsas ərzaq məhsullarının qiymətlərinin artdığını açıqlayıb. Qida böhranı üzrə baş analitik və FAO-nun “Fövqəladə halların idarə edilməsi və dayanıqlılıq” qrupunun rəhbəri Luka Russo Əfqanıstan, Suriya, Yəmən, eləcə də Afrika buynuzu bölgəsindəki bir neçə ölkədə aclıq riskinin olduğunu deyib.
Russo BMT-nin Ümumdünya Ərzaq Proqramının 2022-ci ili fəlakətli aclıq ili elan edən bəyanatına da münasibət bildirib. Təşkilat problemin 38 ölkədə 44 milyon insanı əhatə edəcəyi barədə xəbərdarlıq edib. FAO nümayəndəsi bu qiymətləndirməni təsdiqləyib: “Bu ölkələrin əhalisi aclığın bir addımlığındadır. Ukrayna böhranı nəticəsində vəziyyətin daha da pisləşəcəyinə dair qorxularımız var”.
Ekspert ərzaq qiymətlərinin qlobal artımı, yanacaq və gübrə xərclərinin bahalaşması, həmçinin Ukraynaya humanitar yardımın çatdırılması ilə bağlı mümkün risklərə toxunub. O xatırladıb ki, dünyada qida çatışmazlığından əziyyət çəkən 47 milyon uşaqdan 15,8 milyonu qida böhranı olan dövlətlərdə yaşayır.
Azpost.info