Boris Consonun koronavirusa yoluxması ingilisləri heyrətləndirib –Baş nazirin hamilə nişanlısı da virusa yoluxub

Britaniyanın baş naziri Boris Consonun vəziyyəti stabildir. Hazırda koronavirusla xəstəxananın reanimasiya şəbəsində olan Conson ventilyatora qoşulmayıb, yalnız oksigen qəbul edir.

Azpost.info “Amerikanın Səsi” radiosuna istinadən bildirir ki, Consonun daha əvvəl COVID-19 simptomları ilə xəstəxanaya yerləşdirilməsindən sonra vəziyyəti pisləşib və o, reanimasiya şöbəsinə köçürülüb. Bu haqda Britaniya baş nazirinin ofisindən xəbər verilib.

“Gün ərzində baş nazirin vəziyyəti pisləşib və onun tibbi briqadasının məsləhəti ilə o, xəstəxananın reanimasiya şöbəsinə köçürülüb. Baş nazir birinci dövlət naziri olan xarici işlər naziri Dominik Raabın lazım olduğu halda onu əvəz etməsini istəyib” – deyə, baş nazirin ofisinin açıqlamasında bildirilir.

55 yaşlı Boris Conson 10 gün əvvəl koronavirus testi müsbət nəticələnəndən sonra aprelin 5-də əlavə testlər keçirilməsi üçün xəstəxanaya aparılıb.

Xarici İşlər naziri Dominik Raab hazırda Consonun vəzifələrini müvəqqəti yerinə yetirir. Belə ki, Britaniyada baş nazir müavini vəzifəsi yoxdur.

Raab baş nazirin xəstəxanaya düşməsinə baxmayaraq, hökumətin işini davam etdirəcəyini deyib.

“Baş nazirin vəziyyəti gecə boyunca stabil olub. Ruh yüksəkliyini saxlayır. Hazırda o, adi oksigen müalicəsi alır. Nəfəs alması üçün heç bir cihaza ehtiyacı yoxdur” – deyə, Consonun sözçüsü Ceyms Slak bildirib.

Kabinet naziri Maykl Qouv Consonun St. Thomas xəstəxanasının işçiləri tərəfindən olduqca yaxşı qayğı gördüyünü, ona və ailəsinə dualarını çatdırdığını deyib.

“Onun reanimasiyaya salındığı xəbəri şok yaratmışdı. Ümid edirik ki, bu vəziyyətdən çıxacaq. O, bizim liderimizdir. O, ictimai xidmətə sadiq olan böyük qəlbli şəxsiyyətdir.” – deyə, nazir əlavə edib.

Boris Consonun hamilə olan nişanlısı Kerri Saymondda koronavirus simptomları qeydə alınıb.

Baş nazirin vəziyyətinin ağırlaşması britaniyalılarda təəccüb doğurub.

Bazar ertəsi Conson tvit edərək, ruhdan düşmədiyini və Milli Səhiyyə Xidmətinə təşəkkürünü bildirib.

Hökumət baş nazirin səhhəti ilə bağlı şəffalıq nümayiş etdirilməsi çağırışları ilə üzləşib.

Britaniyanın baş nazirlərinin sağlıq durumları ilə bağlı ictimaiyyətə məlumat vermək adi hal deyil. Bu, yalnız infeksiyalar dövründə istisna edilir.

1953-cü ildə ifliç keçirən Vinston Çörçilin vəziyyəti barədə açıqlama yalnız onun sağalmasından sonra verilmişdi.

Baş nazirdə koronavirus yoluxması martın 27-də aşkar edilib.

ABŞ prezidenti Donald Tramp “amerikalıların onun tez zamanda sağalması üçün dua etdiklərini” bildirib.

“O çox gözəl bir dostdur”, Tramp Ağ Evdə brifinq zamanı deyib. “O, həqiqədən də xüsusi bir insandır- güclü, qətiyyəti, heç vaxt dayanmır, təslim olmur” – deyə, Tramp əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Karantinə görə evdə qalan kişilər ev işlərini görsələr yaxşı olar” –

Sonrakı məqalə

ABŞ Ədliyyə Nazirliyi FİFA rəsmilərini rüşvət almaqda ittiham edib