“Karantinə görə evdə qalan kişilər ev işlərini görsələr yaxşı olar” –Dövlət Komitəsi

“Hazırkı vəziyyətdə gender bərabərliyi baxımından qadınlar daha həssas durumdadırlar. Hazırda dünya üzrə səhiyyə və sosial xidmət işçilərinin 70 %-ni, Azərbaycanda isə 77,6%-ni qadınlar təşkil edir. Bu qadınlar karantin rejiminə baxmayaraq, iş fəaliyyətini davam etdirirlər”. 

Bu barədə Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib.

Məlumatda qeyd olunub ki, digər tərəfdən onların ailə-məişət zəminində iş yükü daha da artıb: “O zaman  ailə üzvləri bir-birinə qarşı anlayışla, hörmətlə yanaşmalı, tolerantlıq nümayiş etdirməlidirlər. Əlbəttə ki, bunun üçün bir neçə məsələni nəzərdən keçirmək lazımdır: birincisi, ailədə qadın və kişinin rol və vəzifə bölgüsü olmalıdır ki, qadın  da özünü bir şəxsiyyət kimi formalaşdıra bilsin. Kişi yalnız ailəni iqtisadi cəhətdən təmin edən bir şəxs deyil, onun ər və ata kimi sosial vəzifə və öhdəlikləri var. Bu həm də  sosial və mənəvi məsuliyyət hissinin bölüşdürülməsidir. Nəzərə alsaq ki, bu müddətdə kişilər müvəqqəti  olaraq işləmirlər.  Və ya həm qadın, həm də kişi  işləmir. Onda ev işlərini görməkdə və uşaqlara dərslərini  oxumaqda, ev tapşırıqlarını həll etməkdə, birgə vaxt keçirməkdə plan hazırlansa, daha yaxşı olar. Mühüm məsələlərdən biri də patriarxal mədəniyyət və tərbiyənin və yalnış stereotiplərin təsirindən yaranan “kişi hər zaman haqlıdır”, “onun istəyi əsasdır”, “kişiyə olar, qadına olmaz” və s. bu kimi birtərəfli və səhv yanaşmaların  mövcudluğudur ki, bu da gender əsaslı zorakılıq halların baş verməsinə gətirib çıxarır”.

Komitədən bildirilib ki, Azərbaycanda hələ ki, dünya ölkələrində  olduğu kimi, zorakılıqla bağlı böyük statistik göstəricilər qeydə alınmayıb: “Lakin KİV-də ailə-məişət zəminində baş verən zorakılıq halları haqqında xəbərlər, sosial şəbəkələrdə yayılan məlumatlar, eyni zamanda, Komitəyə edilən müraciətlər, apardığımız müşahidələr bizi narahat edir. Təəssüflər olsun ki, bu gün dünyada gedən bu neqativ tendensiya ölkəmizdə də sezilməkdədir”.

Bildirilib ki, sosial təcrid dövründə məişət zorakılığına və ya gender əsaslı zorakılığa məruz qalmış insanların hüquqlarının müdafiəsi ilə bağlı iş aparılır: “Davamlı olaraq İcra Hakimiyyətləri yanında fəaliyyət göstərən Monitorinq Qrupları, müvafiq hüquq-mühafizə orqanları, zorakılığa məruz qalan qadın və uşaqlara sığnacaq verən qeyri-hökumət təşkilatları ilə əlaqəli şəkildə fəaliyyət davam etdirilir və  faktlar üzrə operativ iş aparılır. Ailələrə məsləhətimiz bundan ibarətdir ki, bu həssas durumda daha dözümlü olsunlar, bir-birilərinin qədrini bilsinlər. Hazırkı situasiya bu xüsusiyyətlərin daha da inkişaf etdirilməsini tələb edir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bu gündən pensiyalar verilir

Sonrakı məqalə

Boris Consonun koronavirusa yoluxması ingilisləri heyrətləndirib –