Böyük Qafqazda sel ocaqlarının yayılması çoxalır –

Meşələrin qırılması, turizm obyektlərinin tikintisi fəlakətin səbəbinə çevrilib
30 Dekabr 2019 - 10:43

Son 30 ildə Böyük Qafqazda sel ocaqlarının yayılması sahəsi 15–20% artıb.

Azpost.info trend-ə istinadən bildirir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutu tərəfindən aparılan tədqiqatlar nəticəsində müəyyən edilib ki, Böyük Qafqazın cənub yamacında yerləşən çay hövzələrində sel ocaqlarının sahəsi 1961-1990-cı illərin məlumatları ilə müqayisədə orta hesabla 15-20% artıb.

Bu artım əsasən, Şin, Kiş, Dəmiraparan və Girdiman çaylarında müşahidə edilir. Bunun əsas səbəbi kimi sistemsiz otarma, meşələrin qırılması, turizm və iaşə obyektlərinin tikintisi, yol-inşaat işləridir: “Müəyyən edilib ki, çay hövzələrində selə qarşı qurğuların olmaması və yaxud çox zəif olması və lazımi səviyyədə qurulmaması səbəbindən sellər böyük ziyan vurur. Buna misal olaraq, 2015-ci ilin iyul ayında Bum çayında baş verən seli (nəticədə Qəmərvan kəndində bəzi evlər palçıq kütləsinin altında qalıb), 2016-cı ilin iyul ayında Kiş çayında (nəticədə Kiş kəndinin Şəki şəhəri ilə bağlayan körpü tamamilə uçmuş, ətrafdakı istirahət mərkəzləri qalın palçıq qatının altında qalıb), 2016-cı ilin sentyabr ayında Dəmiraparan çayında (nəticədə Qəbələ şəhərində olan bir-neçə istirahət mərkəzini palçıq kütləsi basıb), 2018-ci ilin iyun ayında Göyçay çayında baş verən seli (selin nəticəsində Qalaçıq və ətraf kəndləri rayon mərkəzi ilə birləşdirən körpü və Göyçay şəhərini ətraf kəndlərlə birləşdirən körpü üçmuşdur) qeyd etmək olar”.

İnstitutdan bildirilib ki, ən güclü sel əmələ gətirən ocaqlar Kişçay, Daşağılçay, Girdimançay, Dəmiraparançay və s. çay hövzələrində yerləşib: “1961–90-cı illər üçün sel ocaqlarının sahəsi hövzə ərazisinin 15-51,5% arasında gətirmə konusuna qədər dəyişir. 1990-2018-ci illər üçün bu göstərici 23,6-78% arasındadır. 1990-2018-ci illər üçün əvvəlki dövrlə müqayisədə sel ocaqlarının ərazisi 8,6%-dən 29,4%-ə qədər artıb. Ən böyük artım Şinçayda və Girdimançayda müşahidə olunur (müvafiq olaraq 29,4% və 26%). Ən kiçiyi Vəlvələçayda və Talaçayda qeyd olunur (hər biri 8,6%). 1961-1990-cı illər üçün sel ocaqlarının ümumi sahəsi 1571 kvadratkilometr təşkil edib, yəni – 34%. 1990-2018-ci illər üçün sel ocaqları mənbələrinin sahəsi 2312,9 kvadratkilometr – 50,1%-dir”.