Britaniya Parlamenti Baronessa Koksun Azərbaycan əleyhinə çıxışını dəstəkləməyib

17 Noyabr 2021 - 08:31

Böyük Britaniya Parlamentinin Lordlar Palatasında Azərbaycanla Ermənistan arasında post-münaqişə məsələlərinə həsr olunmuş növbəti qısa debat keçirilib.

Debat zamanı Lordlar Palatasının qatı ermənipərəst mövqeyə malik üzvü Baroness Koks tərəfindən bəzi təhrif edilmiş və qərəzli bəyanatlar səsləndirilib.

Lakin onun iddiaları nə debatda Britaniya hökumətini təmsil edən xarici işlər nazirinin müavini Lord Zak Qoldsmit, nə də Palatanın əksər üzvləri tərəfindən dəstəklənməyib.

Suallara hökumət rəsmisinin verdiyi cavablar post-münaqişə mərhələsində Britaniya hökumətinin indiyə qədər nümayiş etdirdiyi balanslı mövqeyə uyğun olub. Lord Qoldsmit ölkəsinin ortaya çıxan bütün fikir ayrılıqlarının yalnız danışıqlar yolu ilə həllinə tərəfdar olduğunu bəyan edib.

Debatda iştirak edən Lord Flayt, Lord Hüseyn, Lord Kilkluni və digər Palata üzvləri isə post-münaqişə mərhələsində Azərbaycan üçün vacib əhəmiyyət kəsb edən Zəngəzur dəhlizinin açılması, eləcə də Azərbaycan tərəfindən bütün hərbi əsirlərin Ermənistana qaytarıldığı, Azərbaycan-Ermənistanla dövlət sərhədimizin demarkasiya və delimitasiya prosesi və bu prosesdə Britaniyanın mümkün iştirakı, Üçtərəfli Bəyanata uyğun olaraq Ermənistanın bütün hərbi qüvvələrini Azərbaycanın Qarabağ regionundan çıxarmasının vacibliyi, işğaldan azad olunmuş Qarabağ ərazisi də daxil olmaqla Britaniyanın Azərbaycana sərmayələrini davam etdirməsi kimi məsələləri qaldırıblar.