Böyük Britaniya və Avropa İttifaqı bu gün Londonda “Brexit”dən sonrakı ilk rəsmi sammit çərçivəsində bir araya gəlirlər.
Baş nazir Kir Starmer və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin iştirak edəcəyi görüş, Aİ ilə Britaniya arasında əlaqələrin yenidən qurulması üçün əhəmiyyətli mərhələ hesab olunur. Sammitin məqsədi iki tərəf arasında münasibətləri dərinləşdirmək və yeni razılaşmalar imzalamaqdır. Danışıqlar nəticəsində əldə ediləcək mümkün razılaşmanın, “Brexit”dən sonra artan bürokratik çətinliklər və xərclər səbəbindən zəifləyən ticarət əlaqələrinin canlandırılmasına və Britaniya iqtisadiyyatının gücləndirilməsinə töhfə verəcəyi gözlənilir.
Danışıqların əsas mövzuları müdafiə, ticarət, balıqçılıq və Aİ ölkələrinin gəncləri üçün hərəkətliliyi asanlaşdıracaq mümkün proqram olacaq. Dauninq-strit danışıqları Böyük Britaniya və Aİ vətəndaşları üçün faydalı imkan adlandırıb. Verilən məlumata görə, ötən gecə saat 22:30 radələrində balıqçılıq hüquqları ilə bağlı danışıqlarda tərəflər arasındakı son maneələr də aradan qaldırılıb.
Britaniya və Aİ arasında balıqçılıq məsələsi xüsusilə önəmlidir. Bu sahə Böyük Britaniya ÜDM-nin cəmi 0,4 faizini təşkil etsə də, “Brexit” kampaniyasında əsas müzakirə mövzularından biri olmuşdu. Həmin dövrdə Britaniyanın müstəqil sahil dövləti olacağı vəd edilmişdi. Lakin 2020-ci il “Brexit” razılaşmasına əsasən, Aİ balıqçılarına Britaniya sularına çıxış hüququ verilib. Bu razılaşmanın müddəti 2026-cı ilin iyununda başa çatır və Fransa da daxil olmaqla bir neçə Aİ ölkəsi onun uzadılmasını istəyir.
Sammitdə yeni təhlükəsizlik və müdafiə paktının elan olunacağı da gözlənilir. Müzakirəyə çıxarılan digər əsas mövzulardan biri də Avropa Komissiyasının “Avropa üçün Təhlükəsizlik Təşəbbüsü” (SAFE) adlı yeni proqramıdır. Bu təşəbbüs çərçivəsində üzv dövlətlərə birgə müdafiə satınalmaları üçün kreditlər təqdim olunacaq. Böyük Britaniya müdafiə şirkətlərinin bu proqram çərçivəsində keçiriləcək tenderlərdə iştirak hüququ qazanmasını istəyir.
Qeyd edək ki, Britaniya Aİ-ni 2020-ci il yanvarın 31-də tərk edib.