Britaniyada koronavirus qurbanlarının sayı 21,6 mini ötdü

29 Aprel 2020 - 10:00

Böyük Britaniyada koronavirusdan ölənlərin sayı bir gün ərzində daha 586 nəfər artıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Dauninq-stritdə gündəlik brifinqin gedişatında Səhiyyə Nazirliyinin başçısı Mett Henkok bildirib.

O, qeyd edib ki, bununla da ölkədə pandemiya qurbanlarının ümumi sayı 21,6 min nəfəri ötüb.

“Koronavirus qurbanlarının ümumi sayı 21 678 nəfər təşkil edir. Bir gün əvvəl bu rəqəm 21 092 olub. COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 161 145 (bir gün əvvəl 157 149 xəstə) nəfərdir”, – deyə nazir bildirib.

Qeyd edək ki, bundan bir gün əvvəl Britaniya xəstəxanalarında virusdan 360 nəfər ölüb. Bu, dörd həftə ərzində qeydə alınan ən aşağı birgünlük artım idi.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.