“Brüsseldə Bakı və İrəvan arasında danışıqların yeni platforması yaradılır” –İSA QƏMBƏR

“Rusiya-Ukrayna müharibəsi təkcə bu bölgəni yox, bütövlükdə dünyanı dəyişməkdədir”. 

Azpost.info bildirir ki, bu sözləri Milli Məclisin sabiq sədri İsa Qəmbər “Amerikanın Səsi” radiosuna müsahibəsində bildirib.

Onun sözlərinə görə, bizim bölgəyə münasibətdə müəyyən dəyişikliklər qaçılmazdır. İ.Qəmbər deyib ki, Ukraynada müharibə Qarabağ məsələsində guya Qərbin əsas instrumentlərindən biri olan Minsk Qrupunu artıq arxa plana keçirib: “Bilirsiniz ki, Azərbaycan haqlı olaraq bu, Minsk Qrupu həmsədrlər institutunun heç bir fayda gətirmədiyi, heç bir səmərə ortaya qoymadığını nəzərə alaraq, buna ehtiyac olmadığını 44 günlük savaşdan sonra bildirirdi. Amma buna baxmayaraq, Rusiya tərəfi öz maraqlarına görə, bu instrumenti saxlamağa çalışırdı. Ancaq indi artıq qərb Rusiya ilə heç bir sahədə əməkdaşlıq etmək istəmədiyi üçün Minsk Qrupu həmsədrləri institutuna da artıq ehtiyac duyulmur”.

İ.Qəmbərin fikrincə, son vaxtlar Brüsseldə Avropa İttifaqı vasitəsi ilə Azərbaycan-Ermənistan danışıqlarında yeni platforma yaradılmasının özü də bunu göstərir.

Onun sözlərinə görə, bu prosesdə Azərbaycana qarşı müəyyən təhdidlər də var: “Ancaq məsələ burasındadır ki, bu təhdidlər aradan qalxmayacaq. Bu təhdidlərə qarşı dövlətin mövqeyi olmalıdır, dövlətin müttəfiqləri olmalıdır. Xoşbəxtlikdən Azərbaycanın Türkiyə kimi bir güclü müttəfiqi var. NATO üzvü olan və bütövlükdə bir sıra nüanslara baxmayaraq qərblə birlikdə hərəkət edən Türkiyə kimi bir müttəfiqimiz var. Digər tərəfdən beynəlxalq birlik də Azərbaycan kimi postsovet məkanında olan yeni müstəqil dövlətlərə kifayət qədər səbrli, təmkinkli yanaşır və onların bu ümumdünya prosesində iştirakı üçün zəmin yaratmağa çalışır”.

İ.Qəmbər deyib ki, Azərbaycan hədəflərinə çatmaq üçün, birincisi ölkədə milli birliyə nail olunmalı, ikincisi Azərbaycan-Türkiyə müttəfiqliyi mümkün qədər gücləndirilməlidir.

Əvvəlki məqalə

“Bizə qarşı bu “nömrə” işləməyəcək” –

Sonrakı məqalə

Avropa İttifaqının xüsusi nümayəndəsi Hikmət Hacıyev və Armen Qriqoryanla danışıb