“Bu atəşkəsdə Rusiya maraqlı deyil” –POLİTOLOQ RƏYİ

Bu il sentyabrın 27-dən cəbhədə döyüşlər başlanandan tərəflər arasında bu gün, oktyabrın 26-sı, saat 8:00 radələrindən üçüncü dəfə humanitar atəşkəs elan edilib. Əvvəlki təşəbbüslərdə söhbət, əsasən, Rusiyanın vasitəçiliyindən gedirdi. Bu dəfə isə atəşkəsə ABŞ Dövlət katibi Maykl Pompeonun vasitəçiliyi ilə razılıq verildiyi qeyd olunur.

 Azərbaycan prezidenti İlham Əliyev aprelin 26-də xalqa müraciətində deyib ki, Ermənistan tərəfi yenə atəşkəsə əməl etmir. Prezidentin vurğulamasına görə, Azərbaycan, hələlik, razılaşmaya sadiqdir.

Politoloq Hikmət Hacızadə isə Azadlıq Radiosuna deyib ki, atəşkəsə işğal altında olan Dağlıq Qarabağda səhra komandirləri maraq göstərmir: “Belə ki, atəşkəsə əməl edilsə, Ermənistanın masa arxasında oturaraq Azərbaycan ərazisindən çıxması barədə cədvəl təqdim edilməlidir, buna görə Ermənistan hakimiyyəti ilə hesablaşmırlar”.

 H.Hacızadənin sözünə görə, bu atəşkəsdə Rusiya da maraqlı deyil: “Rusiya diplomatiyası bunu həzm edə bilməz…”

“İndi Rusiya diplomatiyası bunu həzm edə bilməz ki, tərəflər Rusiyanı yox, ABŞ-ı saydılar, onların sözü keçdi”.

H.Hacızadə vurğulayıb ki, əslində işğal edilən bütün ərazilər boşaldılmırsa, heç Azərbaycan da atəşkəsdə xüsusi olaraq maraqlı deyil. O vurğulayıb ki, ordu uğurla qələbələr əldə edib.

Politoloqun fikrincə, digər tərəfdən, atəşkəs özü də yaxşı hazırlanmayıb: “Məlum deyil ki, bu atəşkəs birgünlükdür, üçgünlükdür? Uzun, yoxsa qısamüddətlidir? Bu, əsirləri dəyişmək üçündürmü, yoxsa daha başqa məqsəd var? Bu elədə məlum deyil”.

H.Hacızadə iddia edib ki, ABŞ-ın da burada ciddi marağı yoxdur: “ABŞ bu məsələdə, sadəcə, “mən də varam” mövqeyi nümayiş etdirir. Çünki qarşıda ABŞ-da prezident seçkiləri gəlir, vaxt az qalır, seçicilərin, o cümlədən erməni əsilli seçicilərin səslərini qazanmaq məsələsi də var. Odur ki, məsələnin həlli ilə bağlı ABŞ tərəfindən hansısa real addımın atılacağı görünmür”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistan Tərtəri toplardan atəşə tutub –

Sonrakı məqalə

“Ermənistan inad etməklə ordusunu daha da mühasirəyə salacaq” –