Bu halda vətəndaş ipoteka ödəməyəcək və əmlak ona qalacaq– Yeni qanun

“İpoteka haqqında” qanuna təklif edilən dəyişiklikliyin bir sıra mühüm tələbləri var. Dəyişikliyə əsasən, bank tərəfindən ipotekaya xitam verilərsə, bu halda əmlak ipoteka sahibinin, yəni vətəndaşın sərəncamında qalacaq.

Bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O bildirib ki, nəzərə alsaq ki, dəyişiklikdən öncəki, yəni mövcud qanuna əsasən, əmlak kreditorun, yəni ipoteka vermiş qurumun, bankın və ya İpoteka və Kredit Zəmanət Fondunun sərəncamında qalırdı.

“Amma yeni dəyişiklik imkan verəcək ki, əmlak ipotekanı götürən şəxsin sərəncamında qalsın. Bu da, təbii ki, onların hüquqlarının qorunması və əmlaka sahib olması baxımından çox vacibdir.

İkinci mühüm məqam ipotekada zaminlərlə bağlıdır. Belə ki, dəyişikliyə əsasən, ipoteka götürən şəxs dünyasını dəyişirsə, o zaman onun vəfatından sonra miras sahibliyi dəyişənə qədər olan dövrdə zaminlik dayanır.

Praktiki olaraq bu, zamin duran şəxslərin hüquqlarının qorunması baxımından vacibdir. Digər məqam varisliklə bağlıdır. Mövcud qaydalara əsasən, ipoteka götürən şəxs dünyasını dəyişirsə, onun öhdəliklərini onun vərəsəsi həyata keçirir. Amma yeni qaydalara əsasən, vərəsə mirasdan imtina edirsə, bu halda vərəsə krediti qaytarmak öhdəliyinə malik olmur”, – deyə o əlavə edib.

Qeyd edək ki, “İpoteka haqqında” qanuna təklif edilən dəyişiklikliyə əsasən, ipotekaya xitam verilən hallar genişlənir. Belə ki, ipoteka saxlayan (bank) tələbdən və ya ipotekadan imtina etdikdə, ipotekaya xitam veriləcək. Hazırda qanuna əsasən, bank ipotekaya xitam verirsə, əmlak bankın mülkiyyətinə keçir. Dəyişikliyə əsasən, bank ipotekaya xitam verirsə, əmlak ipoteka götürənin, yəni vətəndaşın sərəncamına keçir.

Hazırda qüvvədə olan qanunun 48-ci maddəsinə (İpotekaya xitam verilməsi) əsasən, ipotekaya aşağıdakı hallarda xitam verilir:

– ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə;

– əsas öhdəliyə xitam verildikdə;

– tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda;

– ipoteka predmeti məhv olduqda;

– bu Qanunla nəzərdə tutulmuş digər hallarda.

– Bu qanunun 48.1.1-48.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır(trend).

Əvvəlki məqalə

NATO Baş katibi Ermənistana da səfər edəcək

Sonrakı məqalə

Vladimir Putin prezident seçkilərində səs verib