Nevroloq Yekaterina Demyanovskaya velosiped sürməyin hər kəs üçün uyğun olmadığını və bəzi xəstəliklərdə ciddi risklər yaratdığını bildirib. Onun sözlərinə görə, bu fəaliyyət ürək-damar və oynaq problemləri olan insanlar üçün təhlükəli ola bilər.
AzPost bildirir ki, həkim vurğulayıb ki, ürəyin işemik xəstəliyi, qeyri-sabit hipertoniyası, son infarkt keçirmiş şəxslər və oynaq iltihabı yaşayanlar velosiped sürməkdən çəkinməlidirlər. Bundan əlavə, fəqərəarası yırtıqları, varikoz damar genişlənməsi və epilepsiyası olan şəxslərə də ehtiyatlı davranmaq tövsiyə olunur.
Demyanovskaya qeyd edib ki, velosiped sürmək, digər fiziki fəaliyyətlər kimi, fərdi sağlamlıq vəziyyətinə uyğun seçilməlidir. Bəzi hallarda isə stasionar velosipeddən istifadə daha təhlükəsiz sayılır. Bu, vibrasiyanı minimuma endirdiyindən oynaqlarda əlavə zərər yaratmır və məşq zamanı yükün dəqiq tənzimlənməsinə imkan verir.