“Fədakarlıq göstərmiş siyasətçilərin zəhmətini unutmaq olmaz” –

Ayaz Mütəllibov 18 oktyabr Müstəqillik Aktından danışdı
18 Oktyabr 2021 - 16:29
“18 Oktyabr –  Dövlət Müstəqilliyimizin Bərpası haqda Konstitusiya Aktının Ali Sovetdə qəbul edilməsi ərəfəsində Moskva tərəfindən Azərbaycan rəhbərliyinə heç bir təzyiq-filan olmadı. Çünki SSRİ-nin o vaxtkı və sonuncu lideri Mixail Qorbaçov artıq  müstəqillik yolunu tutan keçmiş müttəfiq respublikalara təzyiq göstərmək iqtidarında deyildi.  Ona görə ki o, həmin dövrdə İttifaq dövlətində mövcud olan qeyri-müəyyənlik və xaos girdabında çabalayırdı”.
Bu fikirləri  düz 30 il öncə  bu gün  Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası haqda Konstitusiya Aktına imza atmış birinci Prezidenti Ayaz Mütəllibov  Moderator.az əmnəkdaşının “Müstəqilliyimizin Bərpası haqda o mötəbər sənədin qəbul olunması ərəfəsində o  zaman hələ tam çökməmiş SSRİ rəhbərliyi tərəfindən Azərbaycan rəhbərliyinə hansısa formada təzyiq edilmədi ki?” sualını cavablandırarkən ifadə edib.
“Sovet İttifaqı rəhbərliyində hər şey, bütün daxili problemlər, xarici təzyiqlər bir-birinə qarışmışdı. Digər tərəfdən, mərkəzi hakimiyyət uğrunda SSRİ prezidenti Mixail Qorbaçov və Rusiya prezidenti Boris Yeltsin arasında dərin ziddiyyət və qalmaqallar başlamışdı.  Və  bütün bunlardan baş çıxarmaq üçün dəqiq və xətasız rəhbərlik etmək lazım idi.  Amma Moskvada belə bir rəhbər yox idi… Yerlərdə də mövcud vəziyyətdən düzgün nəticələr çıxarıb qəti qərarlar vermək gərək idi. Və bütün çətinliklərə rəğmən biz Azərbaycan rəhbərliyi olaraq belə bir qərar verdik və Müstəqilliyimizin Bərpasını bəyan etdik…
Bir daha təkrar edirəm  ki, xaricdən, o cümlədən Moskvadan bizə heç bir təzyiq, yaxud göstəriş olmadı. Biz Azərbaycanda özümüz müstəqil olmaq qərarını verdik, özümüz də bunu  bəyan etdik. Və heç kəs bu işdə bizə maneə yaratmadı. Nəticədə bütün məsuliyyəti üzərimizə götürərək xalqımızın 70 ildən çox xəyal etdiyi arzusunu həyata keçirdik” –deyə eks-prezident açıqlamasının davamında vurğulayıb.
“Bütün bunlarla belə, o hadisələri yaşayanlar, eyni zamanda o illərin tarixini yaxşı bilənlər  gözəl anlayar ki, hələ Sovet İttifaqının mövcud olduğu, eyni zamanda Qarabağda artıq hərbi qarşıdurmaların, xalqımıza qarşı soyqırımının alovlandığı, daxildə hakimiyyət uğrunda mübarizə aparan qrupların fəallaşdığı o çox mürəkkəb və ziddiyyətli bir dövrdə Kremlin imperiya ambisiyalarının əleyhinə addım atmaq nə qədər böyük məsuliyyət və fədakarlıq tələb edirdi. Odur ki, Müstəqilliyin Bərpası haqda qərarın verilməsinə aparan yolda illərlə əziyyət çəkmiş, bəzən həyatları bahasına fədakarlıq göstərmiş siyasi lider və ayrı-ayrı siyasətçilərin zəhmətini unutmaq olmaz…
Bir daha  müstəqillik tariximizdə ilk dəfə olaraq bu  mötəbər günü Qarabağ müharibəsində böyük qələbə qazanmış bir qalib xalq kimi qarşılayan Azərbaycan xalqını Dövlət Müstəqilliyimizin Bərpasının 30 illiyi münasibəti ilə səmimi-qəlbdən təbrik edirəm. Gün o gün olsun ki, müstəqilliyimizin möhkəmləndirilməsi və ərazi bütövlüyümüzün bərpası işlərində daha böyük uğurlara nail olaq və  daha xoşbəxt gələcəyə doğru yolumuzu davam etdirək” –deyə sabiq dövlət başçısı fikirlərini tamamlayıb.