Aprelin 29-da minatəmizləmə sahəsində donor ölkələrin əlaqələndirmə formatı olan “Minatəmizləməyə Dəstək üzrə Qrup”un Cenevrə şəhərində keçirilmiş iclasında Azərbaycana minatəmizləmə sahəsində yardımların artırılması məsələsi müzakirə edilib.
Bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, iclasda iştirak edən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və ANAMA-nın nümayəndələri Ermənistan tərəfindən ölkəmizdə törədilmiş dağıntı və mina probleminin miqyası, mina qurbanları, minatəmizləmə sahəsində əldə edilən nailiyyətlər və çətinliklər, ehtiyac duyulan xarici yardımlar və mina problemi sahəsində Azərbaycanın beynəlxalq fəaliyyəti haqqında toplantı iştirakçılarını məlumatlandırıblar.
Azərbaycanlıların öz doğma torpaqlarına geri qayıdışına, işğaldan azad edilmiş ərazilərimizdə bərpa və yenidənqurma işlərinə, əhalinin təhlükəsizliyinə birbaşa təsir edən mina probleminin tezliklə aradan qaldırılmasına lazımi xarici dəstəyin göstərilməsinin zəruri olduğu diqqətə çatdırılıb. Bu yardımın humanitar həmrəyliyin şərti kimi inkişaf, sülh və barışığa yardım edə biləcəyi iclas zamanı vurğulanıb.
Tədbirdə ölkəmizdəki mina probleminin bu və ya digər aspektləri haqqında fikir mübadiləsi aparılıb və bu məsələ üzrə problemlərin həlli məqsədilə müzakirələrin davam etdirilməsi razılaşdırılıb.