Çexiya SSRİ-dən qalma qərarları ləğv etdi- Rusiya daha bir hüquqdan məhrum edildi

Ukraynadakı müharibə fonunda Çexiya hökuməti Rusiya səfirliyinə Praqada və digər şəhərlərdə torpaqdan pulsuz istifadə hüququ verən SSRİ dövrünün fərmanlarını ləğv etdi.

Azpost.info xəbər verir ki, bu barədə Avropa məsələləri üzrə nazir Martin Dvorak məlumat verib.

“Bu qərarlar bu günə qədər Rusiyaya ərazimizdə böyük torpaqlardan sərbəst istifadə etməyə imkan verirdi”, – Dvorak bildirib.

Çexiyanın xarici işlər naziri Yan Lipavski də öz növbəsində qeyd edib ki, Rusiya tərəfindən torpaqdan pulsuz istifadə “icarə müqavilələri əsasında istifadə” ilə əvəz olunmalıdır.

Söhbət Rusiya səfirliyi tərəfindən diplomatik məqsədlər üçün istifadə edilməyən 59 torpaq sahəsindən gedir. Onlar Praqa, Karlovı Varı, Brno və ölkənin digər yerlərində yerləşirlər. Çexiya Xarici İşlər Nazirliyinin məlumatına görə, obyektlərin bəziləri kommersiya məqsədləri üçün istifadə olunur.

Praqa 2022-ci ilin fevralından – Rusiyanın işğalından bəri Ukraynanı ciddi şəkildə dəstəkləyir və ona hərbi yardım göstərir. Noyabrda Çexiya parlamenti Rusiya rejimini “terrorçu” elan edib. Ötən ay Çexiya hökuməti Moskva və Bütün Rusiyanın Patriarxı Kirili işğalı dəstəklədiyinə görə sanksiyalar siyahısına daxil edib.

Azpost.info

Əvvəlki məqalə

“Seçkilərdə qalib gələn demokratiya oldu” –

Sonrakı məqalə

ABŞ prezidenti Bayden Yaponiyaya gəlib