Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Pakistan İslam Respublikasına rəsmi səfəri çərçivəsində Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşüb.
İki nazir arasında təkbətək görüşdən sonra, geniştərkibli formatda nümayəndə heyətləri arasında görüş keçirilib.
Görüşdə nazirlər Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlığı yüksək qiymətləndirərək, qarşılıqlı səfərlərin və yüksək səviyyəli görüşlərin iki ölkə arasında bütün sahələrdə əlaqələrin daha da inkişafına xüsusi təkan verdiyini vurğulayıblar.
Nazir Ceyhun Bayramov Ermənistanın Azərbaycan torpaqlarını işğalı zamanı, 44 günlük Vətən müharibəsində, eləcə də müharibədən sonrakı dövrdə Azərbaycana göstərdiyi güclü siyasi və mənəvi dəstəyə görə Pakistana minnətdarlığını bildirib.
Görüşdə nazir Ceyhun Bayramov Cammu və Kəşmirlə bağlı Azərbaycan Respublikasının prinsipial mövqeyinin bu problemin beynəlxalq hüququn norma və prinsiplərinə və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq sülh yolu ilə həllinin dəstəklənməsinə əsaslandığını vurğulayıb.