Dünən – 5 mart tarixi Azərbaycanın tanınmış aktyoru, məşhur “Fəryad” filminin rejissoru mərhum Ceyhun Mirzəyevin anım günü idi.
C.Mirzəyev 1946-cı il aprelin 9-da Bakıda anadan olub. Ceyhun Mirzəyevin atası Cəmil Mirzəyev Qarabağdan – Ağdamın Abdal-Gülablı kəndindəndir. Anası isə Qarabağın məşhur Sarcalı soyundan olub.
Ceyhun Mirzəyevin özündən böyük (ana eyni, ata ayrı) ögey bacısı da vardı. Onun atası anası ilə ailə quranda hər ikisinin ikinci evliliyi olub.
Ceyhun atasını 5 yaşında ikən – 1951-ci ildə itirib. O, anasının və əmisinin himayəsində böyüyüb.
Lap kiçik yaşlarından kinoya gələn Ceyhun Mirzəyevin adı çəkiləndə ilk olaraq “Ögey ana” və “Fəryad” filmləri yada düşür. Əvəzedilməz sənətkar taleyinin birinci dönəmində “Ögey ana”dakı balaca İsmayılla tanınmışdısa, ikinci dövründə “Fəryad”dakı İsmayılla məşhurlaşmışdı.
O, Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirmiş, daha sonra təhsilini Moskvada təkmilləşdirmişdi.
Kinoda müxtəlif rollara çəkilən C.Mirzəyev 5 yaşı olanda “Görüş” filmində (Şıxəlinin oğlu), 11 yaşı olanda “Ögey ana”da oynayıb.
Daha sonra o, “Axırıncı aşırım”, “Bəyin oğurlanması”, “Cazibə qüvvəsi”, “Dəli Kür”, “Ən vacib müsahibə”, “Əsl dost”, “İşarəni dənizdən gözləyin”, “İstintaq davam edir”, “Koroğlu”, “Qanlı zəmi”, “Qanun naminə”, “Qara qağayı” (“Lenfilm”), “Lətifə”, “Mateo Falkone”, “Snayperlər” (“Mosfilm”), “Yenilməz batalyon”, “Yol əhvalatı”, “Fəryad” kimi ekran əsərlərində maraqlı obrazlar yaradıb. Sonralar rejissor köməkçisi və rejissor kimi də özünü sınayıb.
C.Mirzəyev 47 yaşının tamamına az qalmış – 1993-cü il martın 5-də vəfat etdi.
Ceyhun Mirzəyev milliyyətcə tatar olan Lidiya Qriqoryevna ilə evlənmişdi. 1973-cü ildə ailə quran cütlüyün Cəmalə adlı bir qızları dünyaya gəlib.
Lidiya Mirzəyeva Azərbaycanda ədliyyə sistemində işləyib, baş ədliyyə müşaviri olub. Lidiya xanım 11 iyun 2015-ci il tarixində dünyasını dəyişib.
Bəs Ceyhun Mirzəyevin qızının taleyi necə olub və o, hazırda haralardadı?
Ceyhun Mirzəyevin xalası oğli ilə yaxın dost olmuş və vaxtilə mərhum sənətkarla şəxsi münasibətlər qurmuş Hollandiyada yaşayan diaspor fəalı, “Xudafərin” jurnalının rəhbəri Elman Mustafazadə hələ bir neçə il öncə sosial şəbəkədə belə bir açıqlama yaymışdı:
“Ceyhunun ölümündən sonra, o ağır illərdə həyat yoldaşı Bakıdakı evini satıb qızı ilə birlikdə Rusiyanın Pyatiqorsk şəhərində ev alaarq orada yaşayırdılar…
Bir necə il bundan öncə Azərbaycan diasporunun nümayədə heyətinin tərkibində Şimali Qafqazda olduğum dönəm bu ailəni tapa bilmədim. Dedilər harasa səfərə gediblər. Sonra bir acı xəbər məni çox sarsıtdı…
Ceyhunun həyat yoldaşı rəhmətə gedib, onun gözəl-göyçək nakam qızına isə bir alçaq evlənməyi söz verib və ona öz evini satdırıb. Bir muddət qızla birgə yaşayan oğlan bu zavallını zərərli vərdişlərə alışdırıb, sonra da atıb gedib…
Bu xəbəri eşidən kimi həmin vilayətdə Azərbaycan diasporunun rəhbərlərindən olan Təhmasib Zeynalova zəng edib qıza sahib çıxmalarını xahiş etdim. Təhmasib bəy dəfələrlə qızla görüsüb, hətta onu müalicə etdirmək istəyib, təssüflər olsun ki, qız hər bir yardımdan imtina edib”.
Elman Mustafazadənin sözlərinə görə, Ceyhun Mirzəyevin qızı Cəmalə Mirzəyeva Şimali Qafqazda – Stavropol vilayətinin Pyatiqorsk şəhərində evsiz-eşiksiz sərgərdan həyatı sürür. Ehtimallara görə, hazırda 47 yaşı olan Cəmalə Mirzəyevanın maddi və mənəvi dəstəyə, psixoloq köməyinə ehtiyacı var.
Ceyhun Mirzəyevin yeganə qızı Cəmalə Mirzəyevanın hazırkı taleyi haqda yeni məlumat yoxdur. Nə Ceyhun Mirzəyevin qohumları, nə də mərhum sənətkarın sənət yoldaşları bu haqda bilirlər. (Modern.az)