Çin və KƏŞ ölkələri birgə investisiya şurası və nüvə təhlükəsizliyi mərkəzi yaradacaq

Çin və Fars körfəzinin ərəb ölkələri birgə investisiya şurası və nüvə təhlükəsizliyi mərkəzi yaradacaq.

Azpost.info xəbər verir ki, bunu bu gün Ər-Riyadda keçirilən Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələrin liderləri ilə görüşdə çıxış edən Çin sədri Si Cinpin deyib.

“Biz birgə investisiya şurası və dinc məqsədlər üçün istifadə edilən nüvə təhlükəsizliyi mərkəzinin yaradılması üzərində çalışacağıq”, – Çin lideri bildirib.

O, KƏŞ ölkələri ilə kosmos sahəsində bir sıra əməkdaşlıq layihələri həyata keçirmək niyyətində olduğunu da deyib və ərəb astronavtlarını Çin kosmik stansiyasına uçmağa dəvət edib.

Çin lideri Pekinin KƏŞ ölkələri ilə hesablama və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlıqda maraqlı olduğunu da qeyd edib.

Si Cinpinin sözlərinə görə, tərəflər yerli valyuta ilə ixrac-idxal əməliyyatlarında qarşılıqlı hesablaşmaları intensivləşdirmək üçün səy göstərirlər. O, Çinin Fars körfəzinin ərəb dövlətlərindən külli miqdarda neft idxalını davam etdirmək niyyətini də açıqlayıb.

Azpost.info

Əvvəlki məqalə

Lənkəranda şagirdin döyüldüyü məktəbə yeni direktor təyin olunub

Sonrakı məqalə

Azərbaycan 350 milyon dollar avrobondu vaxtından əvvəl geri alıb