Çingiz xanın qəbri hardadır? –800 İLDİR CAVABSIZ QALAN SUAL

Böyük Monqol xanı Çingizin xəzinəsi hardadır? Bu suala yüzillərdir cavab axtarılır.

Çingiz xan bir zamanlar Sakit okean ilə Xəzər dənizi arasındakı böyük bir ərazini idarə edib. Ölüm ayağında ikən gizli dəfn edilməyi istəyib.

Onun cansız bədənini basdırmağa aparan xüsusi qoşun qarşısına çıxan hər kəsi öldürüb ki, cənazənin getdiyi yolu kimsə öyrənməsin. Dəfndən sonra isə, qəbrin üzərində minlərlə at o tərəf-bu tərəfə yeridilib ki, qəbrin izi qalmasın.

Üstəlik, böyük xanı dəfn edib geri qayıdanlar yolun yarısında başqa bir qoşun tərəfindən qılıncdan keçirilib.

Beləliklə, şahidlər tamamilə aradan götürülüb.

Həm italyan səyyah Mark Polonun, həm də fars tarixçi Fəzlullah Rəşidəddin bunu təsdiqləyirlər. Onların yazdığına görə, qəbrin izini itirmək üçün Çingiz xanın dəfnində iştirak edən hər kəs sonradan öldürülüb.

İllər uzunudur xarici ekspedisiyalar məzarın yerini tarixi yazılar, landşaft, hətta “National Geographic”in “Xanlar Vadisi Layihəsi” (Valley of Khans Project) adlı araşdırması üçün peyk vasitəsilə müəyyənləşdirməyə çalışıblar. Lakin bütün səylər nəticəsiz qalıb.

Yeri gəlmişkən, bəzi iddialara görə, SSRİ zamanı, 1937-ci ildə qəbrin harada yerləşməsi haqda təxminlər olub, lakin həmin təxminləri doğrultmaq üçün aparılan axtarışda iştirak edənlərin başına çox bəla gəlib. Bu mistik yanaşmanın başqa bir təzahürü barədə isə bir qədər sonra danışacağıq.

Vaxtilə həvəskar arxeoloq Mori Kravits əmin idi ki, Çingiz xanın qəbri Burhan-Haldundan 100 km şərqdə yerləşir. Hələ 15-ci əsrdə fransız katoliklər sərkərdənin böyük qələbə qazandığı yerlərdən birini müəyyənləşdirmişdilər. Deyilənə görə, Çingiz xan həmin yeri çox sevirmiş. Söhbət Kerlen və Bruçi çaylarının birləşdiyi ərazidən gedirdi. İndi kartoqraflar heç Bruçi çayının yerini belə tapa bilmirlər. Düzdür, Kravits təxmini yer müəyyənləşdirdiyini söyləyib 2006-cı ildən orada qazıntı aparmağa başlamışdı. Lakin bu da bir nəticə vermədi…

Ən maraqlısı isə odur ki monqollar özləri də qəbrin aşkarlanmasını istəmirlər.

Bu, Çingiz xanın vətənində sevilmədiyi mənasına gəlmir. Tam tərsinə, onun nəhəng heykəlinə sitayiş edir, əksini isə pulun, araq şüşəsinin üzərinə vurublar.

Üstəlik, Monqolustanda əksər ailələr böyük xanın əksi olan qobelen və portretlərə sahibdirlər. Bəziləri özlərini ali ailənin soyundan bilib “qızıl törəmə” adlandırır.

Bir sözlə, monqollar üçün Çingiz xan hələ də ölkələrinin ən qüdrətli şəxsiyyət kimi qəbul edilir.

Onlar böyük xanın harda basdırıldığını bilməyi isə bircə səbəbdən arzulamırlar: belə hesab edirlər ki, məzar tapılarsa, dünya dağılacaq?

Bu inanc 1941-ci ildə sovet arxeoloqlarının orta çağlarda yaşamış başqa bir qüdrətli hökmdarın – Əmir Teymurun qəbrinin açılmasından sonra yaranıb. Qəbir açılar-açılmaz nasistlər Sovet İttifaqını işğala başlamışdılar. İki hadisə arasında mistik əlaqə axtaranlar sonda Çingiz xanın məzarı aşkarlanarsa dünyanın yeni, daha dəhşətli savaşa sürüklənəcəyinə dair əfsanənin ortaya çıxmasına nail olublar.

Çingiz xanın qəbrini tapmağa bir çox amil mane olur. Monqolustan ərazicə xeyli böyükdür və inkişaf etməyib. Sahəsinə görə Böyük Britaniyanın yeddi qatına bərabər olan bu ölkənin kiçik bir hissəsində normal yollar çəkilib.

Əhalinin sıxlığı o qədər aşağıdır ki, Qrenlandiya və bir neçə ucqar adadan belə dala qalır.

Böyük xanın qəbrini tapmaq üçün yerli və xarici alimlərdən ibarət ilk birgə ekspedisiya Monqol Demokratik İnqilabı ilə eyni ildə – 1990-cı ildə baş tutub.
Həmin ekspedisiyanın iştirakçılarından Dr. Dimaacav Erdenebaatarın fikrincə, monqollar hunlardan törəyib. Çingiz xan özü də bu fikirdə olub. Bu səbəbdən də o basdırılarkən hunlara xas dəfn adətinə əməl edilməsi ehtimalı yüksəkdir. Bir sözlə, hun qəbirləri Çingiz xanın məzarının görünüşü ilə bağlı təsəvvür yaratmaqda köməkçi ola bilər. Hun xanları yerdən 20 sm dərinlikdə kamera şəkilli otaqlarda basdırılırlarmış. Sonra isə onun üzəri dördkünc daşla örtülərmiş.

Bu cür məzarlarla dolu olan Monqolustan kimi böyük ölkədə Çingiz xanın dəfn edildiyi yeri müəyyənləşdirməyin çətinliyi göz önündədir.

Dr. Erdeenbaatardan soruşanda ki, böyük xanın qəbri əvvəl-axır tapılacaq, ya yox, o həmin suala çiyinlərini çəkməklə cavab vermişdi…

Rəvayətə görə, Çingiz xan Ulan Batordan 160 km şimal-şərqdə yerləşən Kentii dağlarının Burxan Xaldun adlı zirvəsində basdırılıb. O, cavan ikən düşmənlərindən burada gizləndiyinə görə elə orada da dəfn edilməsini istədiyi güman olunur.

Lakin əksini düşünənlər də var. “Kentii müqəddəs dağdır” – 13-cü əsr monqol tarixi üzrə mütəxəssis və Ulan Bator Dövlət Universitetinin tarix üzrə professoru Dr.Sodnom Tsolmon bir neçə il öncə belə demiş, sonra da əlavə eləmişdi: “Ancaq bu demək deyil ki, xan burada dəfn edilib.”

Alimlər Çingiz xanın məzarının yerini müəyyənləşdirməkdən ötrü hətta riyazi hesablamalara da əl atırlar. İntəhası, bundan da bir nəticə hasil olmayıb. Belə ki, qəbrin üzərində minlərlə atın var-gəl etməsindən çıxış edənlər Çingiz xanın hər hansı vadi və ya çöllükdə basdırıla biləcəyi qənaətinə gəliblər. Lakin məsələ ondadır ki, Monqolustanda belə yerlər də yetərincədir…

“Əgər əcdadımız sonrakı nəsillərin məzarı tapmasını istəsəydilər, bir nişanə saxlayardılar” – belə düşünən monqollar da az deyil.

Onların fikrincə, məhz bu səbəbdən böyük xanın məzarını axtarmağa gərək yoxdur, ən azından əcdadların qərarına hörmət olaraq!

Xatırladaq ki, Böyük Monqol imperiyasının banisi və ilk xaqanı olan Çingiz xan 1227-ci ildə, 55 yaşında vəfat edib. (Anadil.az)

Əvvəlki məqalə

Son sutkada COVID-19-dan ölən olmayıb –

Sonrakı məqalə

İzmirdə meşə yanğınları başlayıb