COP29 Prezidentliyi Paris İqlim Razılaşmasının 6-cı bəndinin bütün müddəaları üzrə razılıq əldə edib.
Bu barədə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının 29-cu Sessiyasının yekun plenar sessiyasında bildirilib.
Qeyd olunub ki, bu bəndin təsdiqlənməsi ölkələrin Milli İqlim Fəaliyyəti Planlarının icrası məqsədilə ildə 250 milyard dollar qənaət etməyə kömək edəcək.
O da bildirilib ki, bununla 10 il boyunca sözügedən istiqamətdə davam edən müzakirələrə son qoyulub.
Sessiyada həmçinin bu addımın 1,5 dərəcəlik iqlim hədəfinə nail olmaq yolunda əhəmiyyəti, eləcə də qənaət olunan vəsaitin daha geniş iqlim ambisiyalarına yönəldilməsinin vacibliyi önə çəkilib.
COP29-un Prezidenti Muxtar Babayev iqlim dəyişikliyinin qlobal problem olduğunu önə çəkərək, bu uğuru həmin problemdən etibarlı çıxış yolunun tapılması istiqamətində mütərəqqi addım kimi dəyərləndirib:
“Bununla biz 1,5 dərəcəlik iqlim hədəfinə nail olmaq istiqamətində çox önəmli bir addım atdıq. 6-cı maddə tərəflərə transmilli həll variantlarını tapmaqda kömək edəcək”.
COP29-un baş danışıqçısı Yalçın Rəfiyev də bu qərarı şərh edib:
“Biz bu gün İqlim diplomatiyasının mühüm problemini həll etdik. 6-cı maddəni ilk baxışdan anlamaq mürəkkəb ola bilər, lakin onun təsirlərini hər birimiz gündəlik həyatımızda hiss edəcəyik. Bu o deməkdir ki, kömür əsaslı elektrik stansiyaları istismardan çıxarılır və əvəzində küləklə işləyən elektrik stansiyalarının istismara verilməsi təşviq edilir və meşə təsərrüfatının həcmi artırılır. Bu isə yaşıl enerjiyə investisiya deməkdir”.
COP29 Prezidentliyi daha əvvəl həlli mümkün olmayan məsələlərin nizamlanmasına yeni yanaşma tətbiq edib.
Bir il ərzində COP29 Prezidentliyi tərəflər arasındakı siyasi fikir ayrılıqlarının konstruktiv dialoq yolu ilə həlli istiqamətində fəaliyyət göstərib.
COP29 Prezidentliyi onu da qeyd edir ki, bugünkü nailiyyət qeyri-hökumət təşkilatlarının 10 ildən çoxdur davam edən aktiv əməkdaşlığı nəticəsində əldə edilib.
Bu gün 6-cı bənd üzrə əldə olunan razılaşma real alətlər, investisiya imkanları və digər vasitələrin tətbiqi ilə iqlim dəyişikliyinə qarşı aparılan aktiv mübarizəyə təkan vermiş olacaq.
Qəbul olunan bütün başlıca prinsiplər karbon qazı emissiyalarının istifadəsi zamanı inklüzivliyə əsaslanır və insan hüquqlarına hörmət edilməsini şərtləndirir.
Eyni zamanda bu amil tərəflər arasında Paris İqlim Razılaşmasına uyğun əməkdaşlığın təşviqinə imkan yaradır.
6-cı bəndin təsdiqlənməsi həmçinin etibarlı və şəffaf karbon bazarlarının formalaşmasını təmin etməklə yanaşı, tərəflərə özlərinin iqlim dəyişikliyi ilə mübarizə məqsədlərini reallaşdırmağa imkan verəcək.
Eyni zamanda sərhədyanı ölkələrlə bu sahədə əməkdaşlıq iqlim dəyişikliyi ilə mübarizə üzrə illik tədbirlərə sərf edilməli olan 250 milyard dollara qənaət etməyə şərait yaradacaq
COP29 Prezidentliyi iştirakçı ölkələri bu vəsaitin daha iddialı iqlim tədbirlərinə sərf etməyə çağırıb.
Qeyd olunub ki, bu gün təsdiqlənən qərarlar ekoloji dayanıqlığının, habelə karbon bazarlarında şəffaflığın təminatına da imkan verəcək, eləcə də sözügedən sahəyə investisiyaların təşviqinə gətirib çıxaracaq.