Corc Oruel:“Yazmaq sancı kimi dəhşətli və yorucu mübarizədir” - ESSE

Azpost.info görkəmli ingilis yazıçısı Corc Oruelin (1903-1950) “Mən niyə yazıram?” essesini oxucularına təqdim edir.

Çox erkən yaşlarda – beş, yaxud altı yaşım olarkən artıq bilirdim ki, böyüyəndə yazıçı olacağam. On yeddi yaşımdan iyirmi dörd yaşıma qədər xeyli cəhdlər etdim ki, bu fikirdən daşınım. Ancaq artıq mümkün deyildi, başa düşürdüm ki, bundan imtina etmək fitrətimə ziddir, gec, ya tez mütləq kitab yazacağam. 

Üç uşağın ortancılı – evin kiçiyindən beş yaş böyük, böyüyündən beş yaş kiçik idim. Səkkiz yaşıma qədər atamı çox az görmüşəm, bəlkə, elə bu səbəbdən özümü bir qədər yalnız hiss edirdim. Məndə xoşagəlməz davranışlar əmələ gəlmişdi, məktəb həyatı boyunca pis ad çıxarmışdım. O qədər yalnız idim ki, xəyali insanlarla söhbətləşirdim və məndə hekayə uydurma vərdişi yaranmışdı. Ona görə də düşünürəm ki, ədəbi ambisiyalarım təcrid olunmağım və özünü dəyərsiz hiss etməyimlə bağlı duyğuların qarışığından yaranıb. Bilirdim ki, məndə sözyaratma qabiliyyəti var, xoşagəlməz faktlarla qarşılaşanda isə üzülmür və məhz belə şeylərin gündəlik həyatdakı uğursuzluqlara müqavimət göstərmək üçün xüsusi bir dünya yaratdığını güman edirdim. Buna baxmayaraq, bütün uşaqlığım boyu yazdıqlarımın – ciddi yazıları nəzərdə tuturam – həcmi altı səhifədən çox olmaz.

İlk şeirimi dörd, ya beş yaşında yazmışdım, anam isə onu makinada yığmışdı. Yadımdadır ki, şeir pələng haqqında idi, ancaq Bleykin “Pələng, pələng” şeirinin təqlidi idi. 

On bir yaşımda I Dünya müharibəsi başladı, mən də vətənpərvərlik mövzusunda şeir yazıb yerli qəzetdə çap etdirdim. İki il sonra Kitçnerin vəfatına həsr edilən şeirim dərc olundu. Daha sonralar georgian üslubunda “təbiət şeirləri” yazdım, ancaq onların heç birini sona çatdırmadım. Kiçik hekayələr yazmağa da cəhd edirdim, amma heç nə alınmır, inanılmaz uğursuzluğa düçar olurdum.

Bununla belə, bütün bu müddətdə mən ədəbi fəaliyyətlə məşğul idim. Həmin illərdə sifarişlə, tələm-tələsik, heç bir zövq almadan cəfəngiyyat yazdığım çox olub. On dörd yaşımda düz bir həftə Aristofanı təqlid edərək dram da yazmışdım. Mən eyni zamanda məktəb jurnallarını redaktə edirdim. Bu jurnallar təsəvvür edə biləcəyiniz ən amansız satiralarla dolu olsa da, o vaxtkı əziyyətim indiki bayağı jurnalistikadan çəkdiyim əziyyətdən çox deyildi. On beş yaşımda özüm haqqında silsilə “hekayələr” quraşdırır və əksər yeniyetmələrə xas olduğu kimi yalnız zehnimdə saxladığım gündəlik yazırdım. Məsələn, özümü Robin Qud hesab edir və təsəvvürümdə canlandırırdım ki, guya həyəcanlı macəraların qəhrəmanıyam.

On altı yaşımda sözlərlə və səslərlə oynamağın sevincinə qərq oldum. İndi bu mənə qətiyyən cazibəli görünməsə də, o vaxtlar sözlərin başına oyun açmaqdan ləzzət alırdım. Geniş təsvirlər və parlaq təşbehlərlə dolu, eyni zamanda sözlərin səsləniş xatirinə istifadə olunduğu və xoşbəxt sonluqla bitməyən, irihəcmli naturalist romanlar yazmaq istəyirdim. Püxtələşmiş qələmin məhsulu hesab etdiyim “Birma günləri” adlı ilk romanım – bu əsəri otuz yaşımda yazsam da, ideyası xeyli əvvəl yaranmışdı – məhz həmin kitabdır.

Bütün bu pərdəarxası məlumatlar ona görə vacibdir ki, yazıçının ilkin addımları barədə bilmədən ona stimul verən amillərin düzgün qiymətləndiriləcəyini düşünmürəm. Yazıçının mövzusu yaşadığı dövrlə səsləşir (bu fikir ən azından bizim yaşadığımız inqilabi, səs-küylü illərdə özünü doğruldurdu), eyni zamanda yazmağa başlamazdan öncə onun tam xilas ola bilmədiyi emosional baxışı formalaşır. Şübhəsiz ki, öz temperamentini cilovlamaq, aldadıcı əhval da daxil olmaqla naqis mərhələlərdən qaçmaq lazımdır. Lakin yazıçı ilk vaxtlarda ona təsir edən bütün amillərdən tam arınsa, özündə yazmaq şövqünü öldürəcək. Yaşamaq üçün qazanmaq ehtiyacını gözardı edərək, istənilən nəsr əsərini yazmaqdan ötrü dörd təkanverici qüvvənin olduğunu düşünürəm.

Eqoizm. Müdrik görünmək, öləndən sonra xatırlanmaq və uşaqlıqda onu incidənlərdən qisas almaq arzusu. Eqoizmin güclü amil olduğunu inkar etmək çətindir. O təkcə yazıçılara deyil, alimlərə, rəssamlara, siyasətçilərə, hüquqşünaslara, əsgərlərə, uğurlu iş adamlarına da təkan verir. İnsanların böyük qismi, əslində, xudbin deyil. Təxminən otuz yaşdan sonra onlar fərdiyyətçilik duyğularını itirərək, əsasən başqaları üçün yaşamağa başlayır, yaxud sadəcə, əzab içində yaşayırlar. Lakin həyatının sonuna qədər öz taleyinin sahibi olan azsaylı istedadlar var ki, yazıçılar  məhz bu təsnifata aiddirlər.

Estetik şövq. Xarici aləmin gözəlliklərini dərk etmək, sözlərin doğru nizamını anlamaq, bir səsin digərinə təsirindən duyulan məmnunluq, yaxşı yazıda bir məqamı belə qaçırmadan özünü dəyərli hiss etmək, ədəbi təcrübəni bölüşmək. Estetik duyum yazıçıların bir çoxunda zəifdir, lakin bir publisist, yaxud dərslik yazarı da sözlərin və ifadələrin nazı ilə oynamalı olur, mətbəə işindən tutmuş haşiyələrə qədər hər şeylə dərindən maraqlanır. Heç bir kitab estetik ruhdan tamamilə azad deyil.

Tarixi niyyət. Hər şeyi olduğu kimi görmək, həqiqi faktları öyrənmək və onları gələcək nəslin də öyrənməsi üçün qorumaq.

Siyasi məqsəd. Burada “siyasi” kəlməsinin bütün mənaları nəzərdə tutulur. Heç bir kitab siyasi təəssübdən tamamilə azad deyil. “Sənətin siyasətlə işi olmaz” fikrinin özü belə siyasi baxışdır. 

Bu müxtəlif amillərin bir-biri ilə necə savaşdığını, insandan-insana, zamandan-zamana necə dəyişdiyini izləmək olar. Təbiətim etibarilə mən ilk üç amilin dördüncünü üstələdiyi insanam. Çılğınlıqdan uzaq olduğum illərdə mən təmtəraqlı kitablar yaza bilərdim və siyasi mövqeyim tamamilə naməlum qalardı. Bu səbəbdən həcvə üz tutmağa məcbur oldum. Düz beş ilimi özümə yaraşmayan peşəyə (Hindistan və, Birmada imperial polis) həsr etdim, sonra müflisləşdim və məndə uğursuzluq hissi baş qaldırdı. Bu hakimiyyətə qarşı canımdakı nifrəti daha da artırdı, həyatımda ilk dəfə fəhlə sinfinin vəziyyəti barədə dolğun məlumat aldım. Birmadakı iş imperializmin fitrətini başa düşməyimə səbəb olsa da, bu təcrübə siyasi mövqeyimi müəyyənləşdirməyimə kifayət etmədi. Daha sonra Hitler meydana çıxdı, həmçinin İspaniyada vətəndaş müharibəsi baş verdi. 1935-ci ilin sonuna qədər qərar verməkdə aciz idim. Həmin vaxt yaşadığım dilemmanı əks etdirən kiçik şeirimi xatırlayıram.

Xoşbəxt keşiş olardım mən,

200 il bundan əvvəl.

Ağacların böyüməsini izləyərdim

Moizələr oxuyaraq qiyamətdən.

Heyhat, pis bir zaman gəldi,

O gözəl cənnəti əldən qaçırdım.

Bütün ruhanilər tərtəmiz ikən

Mənim üz-gözümü saqqal basırdı.

Sonra hər şey düzəldi,

Həyatdan, dünyadan zövq aldıq yenə.

Bütün qara-qura fikirləri biz

Gömdük ağacların gövdələrinə.

Cahil insanlartək qəflətə düşdük,

Qərq olduq qoynuna xoşbəxtliklərin.

Budaqlara qonmuş yaşıl quş isə,

Titrədirdi mənim düşmənlərimi.

İncəbel gözəllər, sarı əriklər,

Kölgəli çaylarda üzən balıqlar.

Atlar, üfüqlərdə uçan ördəklər

Ah, şirin arzular, şirin xəyallar!

İndi yalqız qurd kimiyəm,

Mən hərəmsiz qalan hərəmağası

Gah keşiş oluram, gah da komissar,

Gəzir sanki Eugene Aram1.

Taleyimdən xəbər verir komissar,

Radionun səsi gəlir uzaqdan.

Bir yandan da vədlər verir

Qoca keşiş dayanmadan.

O qəflət yuxusundan

Artıq ayılmışam mən.

Bu dövrdən hələ çox-çox uzağam.

Bəs siz necəsiniz, Smit, Con və sən?

İspaniyada müharibə və başqa hadisələr baxış bucağımı dəyişdirdi, mən öz sərhədlərimi dəqiqləşdirdim. 1936-cı ildən bəri bütün ciddi işlərim birbaşa, yaxud dolayı yolla demokratik sosializmin şərəfinə yazılıb. Onların hamısı birmənalı şəkildə totalitarizmin əleyhinə idi. Bu mövzulardan kənar nə isə yazmaq mənə cəfəng görünürdü. Hərə bir mövqedən çıxış edirdi, mənə kimin tərəfində olduğumu müəyyənləşdirmək lazım idi, çünki öz siyasi mövqeyini qətiləşdirmək estetik və intellektual bütövlüyümü qurban vermədən siyasi fəaliyyət imkanımı artırardı.

Ötən on il ərzində çalışmışam ki, siyasi yazılarımda da incəsənətin izləri olsun. Mənim istinad nöqtəm ədalətsizlik duyğusu olub. Kitab yazmağa başlayanda özümə “Mən sənət əsəri yaratmağa başlayıram” demirəm, sadəcə, yazıram, çünki işıqlandırmaq istədiyim bəzi məqamlar, diqqət çəkmək istədiyim faktlar və həqiqətlər var. Mənim əsas problemim eşidilməkdir. Estetik həssaslığım olmasaydı, nə kitab yazardım, nə də uzun qəzet məqalələri. İşlərimi araşdıran şəxslər görə bilər ki, hətta sırf təbliğat xarakterli yazılarım belə siyasətçilər üçün yersiz hesab edilən nələrisə əks elətdirir. Nə qədər ki yaşayıram, yer kürəsini sevməyə davam edəcəm. Bu cəhətimi tərgitməyə heç ehtiyac da yoxdur. Məqsəd bizə təzyiq edən ictimaiyyətin fərdiyyətçiliyi sıxan tərəfi ilə qəlbimdə kök salmış rəğbəti və nifrəti barışdırmaqdır. Bu isə asan deyil, çünki bir müddət sonra dilin quruculuğu problemi meydana çıxır və düzgünlük məsələsinə yeni yanaşma yaranır. İcazənizlə, bununla bağlı bir nümunə göstərim. “Kataloniyaya məhəbbətlə”, əlbəttə ki, mükəmməl siyasi kitabdır, ancaq müəyyən formalara riayət edilərək yazılıb. Ədəbi instinktlərimi korlamadan bütün həqiqətləri söyləmək üçün çox çalışmalı oldum. Əsərdə Frankoya sui-qəsddə ittiham edilən Trotskinin müdafiəsi ilə bağlı qəzet sitatlarıyla dolu böyük bir fəsil var. Aydındır ki, bu fəsil bir, uzağı iki il sonra adi oxucu üçün marağını itirəcək, əsərə də xələl gətirəcək. Hörmət etdiyim bir tənqidçi mənə bu barədə uzun mühazirə oxudu: “Niyə bunların hamısını bir yerə doldurmusunuz? Siz yaxşı bədii əsəri jurnalistikaya calamısınız”. Onun dedikləri həqiqət idi, ancaq mən başqa cür yaza bilməzdim. İngiltərədə çox az insanın öyrənməsinə icazə verilən bir həqiqəti bilirəm ki, günahsız insanlar səhvən ittiham edilirlər. Əgər bu məndə hiddət doğurmasaydı, heç vaxt kitab yazmazdım.

Bu və ya digər formada dil probleminə yenidən qayıdırıq. Bu o qədər incə məsələdir ki, mübahisəsi uzun çəkər. Bircə onu deyə bilərəm ki, son illər bədiilikdən daha çox dəqiqliyə qiymət verməyə başlamışam. Zamanla hər hansı yazı üslubunda mükəmməlləşdikcə sanki özün də böyüyürsən. “Heyvanıstan” mənim məqsədli şəkildə siyasi hədəfimlə bədii qayəmi eyni ələkdən keçirdiyim ilk kitabım idi. Yeddi ildir ki, roman yazmıram, tezliklə yazacağıma dərin ümid bəsləyirəm.

Son səhifələri nəzərdən keçirəndə məni yazmağa ictimai ruhun təhrik etdiyi aydın olur. Ancaq bunun son təəssürat olaraq qalmasını istəmirəm. Bütün yazıçılar təkəbbürlü, xudbin və tənbəldirlər. Onları hərəkətə gətirən səbəbin alt qatında bir müəmma yatır. Kitab yazmaq hansısa xəstəliyin sancısı kimi dəhşətli və yorucu mübarizədir. Əgər içində axıracan anlamadığın və tam müqavimət göstərə bilmədiyin şeytan olmasa, heç kim qarşısına belə bir məqsəd qoymaz. O şeytani hiss diqqət çəkmək üçün birnəfəsə qışqıran uşağın keçirdiyi hisslə eynidir. Bu da həqiqətdir ki, özündən xilas olmaq üçün davamlı mübarizə aparmasan, oxunaqlı nəsə yaza bilməzsən. Yaxşı nəsr pəncərə şüşəsi kimidir. Dəqiq deyə bilmərəm məndə hansı amil daha güclüdür. Ancaq izlənilməyə hansının layiq olduğunu bilirəm. Yazımı yenidən nəzərdən keçirərkən siyasi əqidəmin zəiflədiyi bütün məqamlarda ruhsuz kitablar yazdığımı, təmtəraqlı bölmələrin, mənasız cümlələrin, bəzəkli təşbehlərin, ümumən cəfəngiyyatın toruna düşdüyümü görürəm.

Tərcümə: Afaq Zeynallı

“Xəzər” jurnalı 2/2019

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Hacıqabulda QAZ avtomobillərinin istehsalı zavodu fəaliyyətə başlayacaq

Sonrakı məqalə

Rüfət Səfərov azadlığa buraxılıb –