“Rusiya prezidenti Vladimir Putinə qarşı mütəşəkkil cinayətkarlıqla mübarizə üsullarından istifadə edilməlidir”.
Azpost.info xəbər verir ki, bu çağırışı həbsxanada ölən rusiyalı siyasətçi Aleksey Navalnının dul arvadı Yuliya Navalnaya avropalı siyasətçilərə ünvanlayıb.
“Çoxları düşünür ki, Putini ümumiyyətlə məğlub etmək olmaz. Və çarəsizlik içində indi məndən soruşurlar: sizə necə kömək edə bilərik? – Navalnaya Strasburqda Avropa Parlamentində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, əgər Putinin əxlaqi prinsipləri və qaydaları olan “prinsip adamı” olduğunu düşünülsə, onu məğlub etmək mümkün olmayacaq.
“Əvvəlkilərdən heç bir fərqi olmayan yeni sanksiyalar paketi ilə birlikdə qətnamələr buna qarşı mübarizədə kömək etməyəcək. Siz siyasətçi ilə yox, qanlı mafiozla mübarizə aparırsınız. Putin mütəşəkkil cinayətkar qruplaşmanın lideridir. Bu qruplaşmaya zəhərləyənlər və muzdlu qatillər daxildir, lakin bunların hamısı piyonlardır. Əsas odur ki, Putinə yaxın insanlar, onun dostları, əlaltıları, mafiya pullarının gözətçiləridir”, – Navalnaya deyib.
Onun fikrincə, avropalı siyasətçilər Putinə qarşı uyğun üsullardan istifadə etməlidirlər. “Siz araşdırmalar aparmalı, maliyyə əməliyyatlarını üzə çıxarmalı və ölkənizdə bu mafiya ilə əlaqəsi olanları tapmalısınız. Sanksiyalardan yan keçənlər Putinə və onun yaxınlarına pullarını gizlətməyə kömək edir. Putin Rusiyaya və Ukraynaya etdiklərinə, Aleksey Navalnının həbsxanada ölümünə görə cavab verməlidir. Ərim heç vaxt gələcəyin gözəl Rusiyasını görməyəcək, amma biz onu görməliyik. Arzularımın gerçəkləşməsi üçün əlimdən gələni edəcəyəm. Şər yıxılacaq və gözəl gələcək gələcək”, – Navalnaya qeyd edib.
Azpost.info