Culian Assanj həbsxanada ölə bilər

- Həkim rəyi
25 Noyabr 2019 - 13:11

60-dan çox həkim “WikiLeaks” saytının qurucusu Culian Assanjın təcili tibbi yardım almayacağı təqdirdə həbsxanada ölə biləcəyi ilə bağlı Böyük Britaniyanın Daxili İşlər naziri Priti Patelə açıq məktub ünvanlayıb.

Azərtac xəbər verir ki, məktubun məzmunu Britaniya KİV-lərində dərc olunub.

“Tibbi nəzər nöqtəsinə görə, Culian Assanjın 2020-ci il fevral ayında məhkəmə qarşısına çıxmaq imkanı bizdə ciddi narahatlıq doğurur”, – deyə Sky News telekanalında səsləndirilən məktubda bildirilir.

Böyük Britaniya, Avropa, Avstraliya və Şri-Lankadan olan həkimlər Assanjın fiziki və psixoloji vəziyyətinin mütəxəssislər tərəfindən qiymətləndirilməsi üçün onun təcili tibbi mərkəzə köçürülməli olduğunu qeyd edib. “Yardım göstərilməsə, Culian Assanj həbsxanada ölə bilər”, – deyə həkimlər vurğulayıb.

Qeyd edək ki, Culian Assanj 2006-cı ildə bir sıra hökumətlər, o cümlədən ABŞ rəhbərliyinin fəaliyyəti barədə məxfi informasiyaların dərc olunduğu “WikiLeaks” portalını təsis edib. 2012-ci ildə İsveçin ona qarşı seksual cinayət ittihamından sonra Ekvadorun Londondakı səfirliyinə sığınıb və orada təxminən 7 il gizlənib. Aprelin 11-də “Scotland Yard” Ekvador hökumətinin razılığından sonra Assanjı bu ölkənin səfirliyində həbs edib.

London məhkəməsi mayın 1-də girov müqabilində azadlıq şərtlərini pozduğuna görə Culian Assanja 11 ay həbs cəzasına məhkum edib. Onun ABŞ-a ekstradisiyası ilə bağlı dinləmələr mayın 2-də keçirilməlidir. ABŞ-da haker fəaliyyətinə görə “WikiLeaks” saytının qurucusu 175 il həbs cəzasına məhkum edilə bilər.