Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu gün 11 rayonda (Masallı, Astara, Yevlax, Şəmkir, Zaqatala, Ağdaş, Ağcabədi, Şamaxı, Füzuli, Cəlilabad, Hacıqabul) şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə 35 fərdi yaşayış evi təqdim edilib.
Nazirlikdən APA-ya verilən məlumata görə, Masallı və Astara rayonlarında evlərin təqdim edilməsi tədbirlərində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, Masallı rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Astara rayon İcra Hakimiyyətinin başçısının müavini İlqar Malıyev iştirak ediblər.
H.Abdullayev Azərbaycanın şanlı tarixinin yazıldığı, xalqımızın qələbə sevinclərini yaşadığı bu günlərdə şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin sosial müdafiəsi tədbirlərinin da uğurla davam etdirildiyini bildirib.