DİM 2021-ci ildə keçirilmiş imtahanlar barədə məlumatları açıqlayıb

Dövlət İmtahan Mərkəzi 2021-ci ildə keçirilmiş buraxılış və qəbul imtahanlarının nəticələri barədə statistik məlumatları təqdim edib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, 2021-ci ildə ümumi təhsil müəssisələrində 220 min 359 nəfər məzun olub. Bu məzunlar barədə məlumatlar 4000-dən çox ümumi təhsil müəssisəsinin məsul şəxsləri tərəfindən “Şagird-məzun” sisteminə daxil edilib, məlumatlar yoxlanılaraq təsdiq edildikdən sonra buraxılış imtahanı bazası formalaşdırılıb. Məzunların bir qismi təhsildən yayınma, bir qismi isə şəxsiyyəti təsdiq edən sənədinin olmaması səbəbindən buraxılış imtahanlarına cəlb edilməyib. Ümumilikdə 217 min 534 nəfər məzun (98.7 faiz) buraxılış imtahanlarında iştirak edib. İmtahanda iştirak edənlərlə yekun attestasiyası aparılanlar arasında yaranan fərqlər onunla izah edilir ki, tədrisi Azərbaycan dilindən fərqli dildə aparılan ümumi təhsil müəssisələrinin bəzi məzunları buraxılış imtahanında iştirak etsələr də, Azərbaycan dili (dövlət dili) imtahanında iştirak etməyiblər. Ümumilikdə 218 min 505 nəfər məzunun (99.2 faiz) yekun attestasiyası aparılıb.

Qeyd etmək lazımdır ki, məzunlar Dövlət İmtahan Mərkəzinin təqdim etdiyi elektron xidmətdən (eservices.dim.gov.az/sagird/indexsh.aspx)  istifadə edərək “Şagird-məzun” sistemində özləri haqqında məlumatlara baxa bilirlər. Məlumatlarda uyğunsuzluq aşkar edildikdə bu xidmət vasitəsilə DİM-ə düzəlişlərin edilməsi ilə bağlı sorğu ünvanlanması da mümkündür. DİM vətəndaşlara sözügedən xidmətdən aktiv istifadə etməyi tövsiyə edir.

2020/2021-ci və 2021/2022-ci tədris illəri üzrə ali və orta ixtisas təhsili müəssisələrinə keçirilmiş qəbul imtahanlarının nəticələri barədə müqayisəli statistik məlumatlar DİM-in saytında yerləşdirilmiş cədvəldə təqdim edilib.

Cədvəldən görünür ki, ötən illə müqayisədə 2021-ci ildə ali təhsilin bakalavriat səviyyəsi üzrə qəbul olanların sayında 1047 nəfər artım olub. Magistratura səviyyəsi üzrə elektron ərizə qəbulunda iştirak etmiş bakalavrların sayı isə ötən illə müqayisədə iki dəfədən artıq, yəni 18 min 748 nəfər çox olub. Bu artım 2021-ci ildə magistraturaya qəbul imtahanının bir mərhələ üzrə iki dəfə keçirilməsi ilə izah edilir. Eyni zamanda, 9 illik baza üzrə orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün əvvəlki illərlə müqayisədə daha çox məzun müraciət edib. Bu onunla izah edilir ki, təhsil haqqında qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən, subbakalavrlar öz ixtisaslarına uyğun olaraq ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimində imtahan vermədən birbaşa iştirak etmək hüququ əldə ediblər.

Ümumilikdə bu il ərizə qəbulunda iştirak etmiş şəxslərin sayı ötən illə müqayisədə 32 min 261 nəfər (13.8 faiz) çox, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş şəxslərin sayı isə 4091 nəfər (5.4 faiz) çox olub.

DİM vətəndaşların nəzərinə çatdırır ki, Elektron hökumət portalı (https://www.e-gov.az/ və ya https://my.gov.az/) üzərindən “Vətəndaş haqqında “Tələbə-məzun” dövlət elektron məlumat sistemindən çıxarış” elektron xidmətindən istifadə etməklə ali və orta ixtisas təhsili haqqında məlumatlarına baxa bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Kraliça II Elizabet uzun müddət sonra üz-üzə görüş keçirib

Sonrakı məqalə

Ali və orta ixtisas məktəblərinə daxil olmaq üçün 230 min nəfər ərizə verib –