DİN əməkdaşları tərəfindən Dövlət Himninin ifa edilməsinə dair tələblər müəyyənləşib

Daxili İşlər Nazirliyinin Kollegiyası “Azərbaycan Respublikası daxili işlər orqanlarının əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi, ifa edilən zaman əsgəri (hərbi) salam verilməsi, dinlənilməsi və oxunması Qaydaları”nı təsdiqləyib.

APA-nın məlumatına görə, bu Qaydalar Azərbaycan Respublikası daxili işlər orqanlarının əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi, ifa edilən zaman əsgəri (hərbi) salam verilməsi, dinlənilməsi və oxunması qaydalarını müəyyən edir.

Əməkdaşlar Himnindən istifadə edərkən Azərbaycan Respublikasının Konstitusiyasını, “Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” qanunu, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” qanunu və bu Qaydaları rəhbər tutur.

Daxili işlər orqanlarında Azərbaycan Respublikasının Dövlət Himni aşağıdakı hallarda mütləq ifa edilir:

– Azərbaycan Respublikasının bayramlarına həsr olunmuş təntənəli yığıncaqların, iclasların açılışı və bağlanışı zamanı;

– Azərbaycan dövləti və xalqı üçün mühüm tarixi hadisələr olduqda;

– Azərbaycanın görkəmli dövlət, siyasi, ictimai, elm, ədəbiyyat, incəsənət xadimlərinin və Azərbaycanın Milli Qəhrəmanlarının abidələrinin və ya xatirə lövhələrinin açılışı zamanı;

– xidmətə qəbul edilən şəxslərin andiçmə mərasimi zamanı.

Qaydalara əsasən, daxili işlər orqanlarında Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsinə, ifa edilən zaman əsgəri (hərbi) salam verilməsinə, dinlənilməsinə və oxunmasına dair tələblər də müəyyənləşib. Dövlət Himni musiqisinə (partiturasına) uyğun orkestr, xor və ya orkestr-xor tərəfindən, yaxud başqa vokal üsulla və ya alətlər vasitəsilə, həmçinin səsyazma vasitəsindən istifadə etməklə bütün hallarda tam ifa edilir. Dövlət Himni ifa edildikdə əməkdaşlar onu ayaq üstə, farağat vəziyyətdə sona qədər dinləməli və ya mətninə uyğun oxumalıdırlar. Dövlət Himni ifa edildikdə sıradakı əməkdaşlar komanda verilməmiş farağat vəziyyətini alır, rəislər (komandirlər) əsgəri (hərbi) salam verir. Sıradan kənarda olan əməkdaşlar Dövlət Himni ifa edildikdə farağat vəziyyətini alır və əsgəri (hərbi) salam verir. Əməkdaşlar tərəfindən Dövlət Himninin təhrifinə və başqa dildə oxunmasına yol verilmir.

Bu Qaydaların tələblərinə riayət olunmasına nəzarət təminat sahəsinin kurator Daxili İşlər nazirinin müavini və Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsi tərəfindən həyata keçirilir.

Yeni Qaydaların qəbul edilməsi ilə əlaqədar Daxili İşlər Nazirliyinin 2020-ci il 28 yanvar tarixli Q2-001-20 nömrəli Qərarı ləğv edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Yayın istisi koronavirusun yayılmasının qarşısını alacaqmı?

Sonrakı məqalə

TƏBİB qan donorlarına çağırış edib