Azərbaycan polisi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il tətili günlərində işğaldan azad olunmuş torpaqlarda gücləndirilmiş iş rejimində çalışır, təhlükəsizliyi təmin etmək naminə bütün zəruri tədbirləri həyata keçirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, yalnız müvafiq icazəsi olan şəxslərin sərbəst və maneəsiz gediş-gəlişi təmin olunacaq. Müvəqqəti polis postlarında təqdim edilən təlimat-bildirişlərə uyğun davranmalı, əvvəlcədən müəyyən olunmuş marşrutlarla hərəkət edilməlidir. Əraziyə tez alışan və partlayıcı maddə aparmamalı, yalnız istirahət üçün nəzərdə tutulan yerlərə səfər edilməlidir. İctimai narahatlıq yaradan hallardan çəkinməli, vətəndaşlar davranışları ilə sabitlik mühitinə xələl gətirməməlidirlər.
“Bir daha nəzərinizə çatdırırıq ki, bu qaydalara əməl etmək həm vətəndaşların həyat və sağlamlığı, həm də bölgənin təhlükəsizliyi naminə zəruridir”, – deyə müraciətdə qeyd olunub.