Dini icmaların vahid platforması  –Qiymətli irsimiz hansı mesajı daşıyır?

Встреча религиозных деятелей в Баку

 Bu gün dünyada dini-etnik zəmində qarşıdurmalar sabitlik üçün ciddi təhdid yaradan təhlükə sayılır.

Xüsusən multkultural cəmiyyətə sahib olan dövlətlər üçün bu təhdidlər daha qorxuludur. Dünya nizamında öz maraqları üçün əlləşən bu qüvvələr “bir-birinə yad olan mədəni müxtəliflik” iddiasına söykənən əsassız tezislərlə çıxış edirlər. Burada səbəb aydındır: İnsanların ən incə hisslərinə toxunaraq cəmiyyətə şübhə və düşmənçilik toxumları səpmək və süni münaqişədən istifadə edərək geopolitik maraqlarını yürütmək.

Cənubi Qafqazda son 30 ildə bir neçə dəfə belə cəhdlər edilib. Dini-etnik zəmində münaqişəyə çağırışlar dövlətlərin sərt cavab tədbiri ilə qarşısı alınıb.

Belə cəhdlər bu gün də səngimir.

Azərbaycan çoxkonfessiyalı dövlət olaraq müstəqilliyin ilk illərindən tolerantlıq prinsiplərinə dövlətin dayanqlığı üçün əsas fundament kimi baxıb. Bu isə cəmiyyətin yüzillərlə dayanan mədəni birliyindən qaynaqlanıb. Ölkəmizdə müxtəlif səmavi dinlərə sitayiş edən insanlar üçün vahid vətən ideyası ilə həmişə öndə olub.

Müsəlman, xristian, yəhudi icmaları Azərbaycan xalqının milli birliyini formalaşdıran əsas indikator kimi çıxış ediblər.

Ölkəmiz üçün ən ağır və böhranlı günlərdə – 20 yanvar faciəsində, Xocalı soyqırımında  cəmiyyətimizdə dini və milli parçalanma cəhdləri heç vaxt olmayıb, əksinə dövlətimiz üçün təhdid yaranan günlərdə bu cəhdlərə qarşı vahid qüvvə kimi birləşib.

Azərbaycanın dövlət siyasəti də tolerantlıq prinsipləri üzərinə bərqərar olub. Ümummilli lider Heydər Əliyevin bu prinsipə sadiqliyi ölkədə vətəndaş cəmiyyətinin möhkəm əsaslarını yaradıb. Prezident İlham Əliyevin multkulturalizm siyasətinin əsas qayəsi də məhz mədəni müxtəlifliyin parlaq nümunəsini dünyaya nümayiş etdirməkdir.

Azərbaycan bunu bacara bilib.

Bu mədəniyyətlərarası əməkdaşlığın fundamentinin qurulmasında Qafqaz Müsəlmanları İdarəsi və onun sədri, Şeyxülislam Allahşükür Paşazadənin töhfələri danılmazdır.

QMİ Azərbaycandakı dini həmrəyliyin avanqardı kimi çıxış edir. Sekulyar sistemə malik dövlətimizdə hər bir insanın sərbəst şəkildə öz inancına etiqadı bu günkü dünya üçün gözəl nümunədir.

Avropada məscidlərə hucumların, müqəddəs kitabların yandırılması və nifrət, dini dözümsüzlük çağırışları fonunda Azərbaycan səmavi dinlərin təbliğ etdiyi qardaşılıq və rahatlıq məkanına çevrilib.

Bu gün Azərbaycanda milli və dini qarşıdurmalar salmaq cəhdləri iflasa məhkumdur.

Vatikanda, İslam Əməkdaşlıq Təşkilatında, Pravoslav Kilsəsində ən əziz adam kimi qarşılanan QMİ sədrinə olan münasibət  Azərbaycanda bərqərar olmuş tolerantlıq, səmavi dinlərinin qardaşcasına birliyindən qaynaqlanır. Azərbaycanın bu “çələngi” Avropanın ksenofob dairələrinə, radikal təməlçilərə, ultra-millətçilərə, etiqada görə təqib olunan ölkələr üçün unikaldır.

Azərbaycan insanların dinə, əqidəyə, rəngə görə bölünməsinə, bu idbar tezisləri dəstəkləyən qüvvələrə qarşı diam ardıcıl mübarizə aparır.

Bu birlik son 30 ildə ölkəmizin üzləşdiyi qanlı və faciəli Qarabağ probleminin həlli, Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılması üçün beynəlxalq platformalarda  öz sözünü deyib.

Qarabağ münaqişəsi ilə bağlı dini cameənin birmənalı olaraq həmrəylik nümayişi erməni kilsəsini və bu münaqişədən öz maraqları üçün istifadə etmək istəyən digər  güclərin niyyətlərini puça çıxartdı. 44 günlük Vətən müharibəsi zamanı dini icmaların sarsılmaz bilriyi erməni Apostol Kilsəsinin münaqişəyə “dini rəng” vermə cəhdini beşiyindəcə boğdu. Belə birlik düşmənləri xeyli heyrətləndirmişdi.

Rusiya Pravoslav Kilsəsi, Vatikan, Avropa və ABŞ-ın nufuzlu dini rəhbərləri Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan etdilər və Qarabağ davasına dini rəng verilməsinin qəti əleyhinə çıxdılar. Erməni kilsəsinin və avanturist siyasi dairələrinin ərazi münaqişəsini dini bəndlərlə möhkəmlətmək cəhdi iflasa uğradı.

Bu tolerant platforma A.Paşazadənin sülh və barış mesajı verən, dünya çapında səsi eşidiləcək dini rəhbər kimi tanıdıb. Ölkə daxilində dini həmrəylik və xaricdə dəstək Azərbaycanın haqlı mövqeyini möhkəmləndirən ciddi rıçaq idi.

Bu baxımdan ABŞ Dini Azadlıqlar Komissiyasının İllik hesabatında ölkəmizlə bağlı qərəzli mövqeyi dini icmaların etiraf edilən azad fəaliyyəti qarşısında əhəmiyyətini itirir. Azərbaycan hakimiyyətinin ölkədə yürütdüyü dini siyasətinin diskreditə edilməsinə yönələn belə hesabatlar ölkədə tolerantlıq və dözümlülük barədə digər  mötəbər beynəlxalq təşkilatların bəyanatları ilə daban-dabana ziddiyyət təşkil edir.

Min illik tolerantlıq ənənlərini daşıyan bu ölkədə müxtəlif xalqlara, dinlərə mənsub abidələr göz bəbəyi kimi qorunub. İmanından asılı olmayaraq bütün ibadət yerləri Azərbaycan üçün onun multkultural sərvətinin bir nişanəsidir. Bu vahid platforma QMİ və digər dini icmaların həmrəyliyi və əməli fəaliyyəti üzərində dayanır.

Müxtəlif dini konfessiyalar Azərbaycanın mədəni sərvəti, səmavi dinlərə etiqad edənlərin qardaşlığı və birgə masası ölkəmizin nail olduğu qiymətli irsidir. Azərbaycan malik olduğu tolerantlıq, mədəni əməkdaşlıq və həmrəylik tablosu ilə dünyaya bu mesajını verir.

Aydın ABBASOV   

 

 

 

 

Əvvəlki məqalə

Slovakiya Prezidenti koronavirusa yoluxub

Sonrakı məqalə

Çilidə meşə yanğınlarında qurbanların sayı 60 nəfəri ötüb