Dini təfriqəyə qarşı sipər –Şeyx niyə bütün görüşlərə dini icma rəhbərləri ilə qatılır?

Azərbaycanda səmavi dinlərə etiqad edən dini konfessiya rəhbərlərini bütün rəsmi və humanitar tədbirlərdə həmişə bir yerdə görmək olur.

Onlar müxtəlif dillərdə dua edərək uca Yaradandan yaşadıqları bu məmləkət üçün əmin amanlıq, ruzi-bərəkət və firavanlıq diləyirlər. Məscidlərdən ucalan azan səsi, kilsədə çalınan zəng, sinaqoqdan ucalan dualarda ölkə insanlarının xoşbəxt yaşaması, ümidli sabahları, diləkləri əks edilir.

Bu, gözümzün öyrəşdiyi mənzərə, ictimai münasibətlərin unikal tablosudur.

Azərbaycan öz tarixi boyu müxtəlif dinlərin qovuşduğu bir məkan olub, inancıdan asılı olmayaraq bir-birilərini bura hucum edən yadellilərdən qoruyublar.

Ölkəmizdə tolerantlığın minilliklərə söykənən tarixi var.

Müstəqil Azərbaycanın 30 illik tarixində dini və etnik həmrəyliyi pozmağa cəhd edən qüvvələr daim ən həssas nöqtə hesab olunan müxtəlif konfessiyaların qarşıdurmasına cəhd ediblər. Amma belə cəhdlər həmişə uğursuz olub.

Cəmiyyətin illərin sınağından çıxmış birliyi, tolerantlığı və qardaşlıq müstəvisi bu qara qüvvələrə öz məkrli niyyətlərini həyata keçirməyə imkan verməyib.

 

Dini təfriqəyə qarşı daim cəsarətlə duran Qafqaz Müsəlmanları İdarəsi və onun sədri Allahşükür Paşazadə ölkənin ən böhranlı anlarında, qanlı-qadalı günlərində belə cəhdlərin sərt şəkildə qarşısını alıb, böyük güclərin idbar oyunlarına qarşı sipər olub.

Bunun ən yadda qalan məqamı 20 yanvar 1990-cı il Bakı qırğınıdır. SSRİ rəhbəri Mixail Qorbaçovun əmri ilə Bakıya soxulmuş sovet ordusu şəhəri qana bələdi, yüzlərlə dinc sakin öldürülüdü. Sovet rəhbərliyi riyakarcasına günahı Azərbaycanda “islam təməlçiliyi”nin üzərinə atmaqla guya Bakıda dini zəmində toqquşmaların qarşısını aldıqlarını bəyan edirdilər.

Amma 22 yanvar 1990-cı ildə bütün dünya Şəhidlərin milyonluq dəfni zamanı göz yaşları içində mərasimin önündə gedən Şeyxülislamla birlikdə rus pravoslav kilsəsinin, yəhudi dini rəhbərinin addımladığının şahidi olu. Pravoslav keşişləri Bakıda törədilmiş qanlı faciəni lənətlədilər və günahkarların cəzalandırılmasını tələb etdilər. Konfessiya rəhbərləri 40 gün Şəhidlər Xiyabanında müsəlman din xadimləri ilə birgə qətlə yetirilənlərin xatirəsini yad etdilər.

Bu vətəndaş demarşı Moskva üçün gözlənilməz oldu. Azərbaycan özünün etiqad qardaşlığı sınağından uğurla çıxdı.

Sonrakı bütün illərdə QMİ sədri konfessiya rəhbərləri ilə birgə fəaliyyət göstərdi və ölkədə dini əməkdaşlığın möhkəm platformasını yaratdı. Müsəlman ölkələrinin din xadimləri üçün çox nadir hal sayılan belə əməkdaşlıq Azərbaycanın tolerant ənənələrinin qədim tarixindən qaynaqlanırdı.

QMİ bu xəttə daim sadiq olub. Azərbaycanda dini əməkdaşlıq icmaların qardaşlıq mesajlarından güc alır, dövət siyasətinin əsas prinsipləri üzərində bərqərar olub.

Bu müstəviyə düzən verilməsində Şeyxülislam Allahşükür Paşazadənin müstəsna rolu vardır. QMİ sədri daim ümmətçi prinsipi ilə çıxış edərək məzhəb mübahisələrinin ən sərt tənqidçisi olub, səmavi dinlərin mehriban əməkdaşlığını dəstəkləyib.

Onun QMİ-nin iqamətgahında keçirdiyi görüşlərə, rəsmi tədbirlərə daim müxtəlif konfessiya rəhbərləri ilə qatılması, məsələhtləşməsi, müzakirə aparması vahidliyin bir nümunəsinə çevrilib.

Elə ötən ay özü ilə bərabər digər dini konfessiya rəhbərlərinin müşayiəti ilə Vatikana səfəri bu baxımdan maraqlı məqamdır.

Roma Papası Fransisk Şeyxülislam Allahşükür Paşazadəni Vatikanda qəbul edərkən Azərbaycana səfərini xatırlayıb və ölkəmizdə dinlər arasında münasibəti yüksək qiymətləndirib: “Bakıya səfərim zamanı Azərbaycanda dinlərarası mühitin nə qədər ahəng içində olduğunu canlı şəkildə gördüm. Müsəlmanların, xristianların və digər dinlərə mənsub xalqların sizin ölkədə birgə yaşaması təqdirəlayiq haldır”- deyə Papa vurğulayıb.

Bu səfər dünyaya Azərbaycanın tolerant ölkə olduğunu, müxtəlif dinlərə mənsub insanların sülh içində yaşadığını, ölkə rəhbərliyinin siyasətinin mühüm indikatoru olduğu tolerantlığın bütün dünya üçün uğur platforması olmasını bir daha nümayiş etdirdi.

Vətən Müharibəsi bir daha səmavi qardaşlığımızın bir nümünəsi, sınağı oldu. Azərbaycanın öz torpaqlarını azad etməsi uğrunda apardığı müharibə ölkəmizin bütün dini konfessiyaları tərəfindən dəstəkləndi. Məhz bu birlik erməni kilsəsinin müharibəni dini müstəviyə keçirmək cəhdinin qarşısını aldı. Dini icma rəhbərlərinin vahid mövqeyi düşmənə qarşı mübarizənin daha bir bir mühüm rıçağı oldu.

Azərbaycanın dini tolerantlığı inzibati idarəetməyə əsaslanmır. Bu əməkdaşlıq minillik tarixdən boy alır. Allahın müqqədəs kəlamlarında həmişə vurğuladığı qardaşlıq bu diyarda həmişə var olub.

Bunun möhkəm özülü Prezident İlham Əliyevin ardıcıl siyasi prioritetlərinə söykənir. Dövlət başçısı dini liderlərin görüşü zamanı bəyan etmişdi ki, ölkəmizdə etiqad azadlığının, dövlət-din münasibətlərinin mütərəqqi tarixi ənənəyə və beynəlxalq hüquq normalarına uyğun təmin edilməsi, milli-mənəvi dəyərlərimizin təbliği və təşviqi dövlət siyasətimizin əsas prioritetlərindəndir.

Odur ki, etnik-mədəni müxtəlifliyi ilə seçilən cəmiyyətimizdə dözümlülük mühitinin, harmoniyanın bərqərar olmasında İslam dini müstəsna rol oynayıb.

Ötən il dini konfessiya başçılarının işğaldan azad olunmuş Ağdama səfəri zamanı verdikləri bəyanat bu həmrəyliyin göstəricisi oldu. Dağıdılmış Ağdam məscidinin qarşısında danışan Şeyxülislam ölkədə dini həmrəyliyin möhkəm olduğunu bildirdi: “Azərbaycanda olan konfessiyalarla həmişə bir olmuşuq, birik və bundan sonra da Azərbaycan vətəndaşı kimi birlikdə olacağıq”-deyə QMİ sədri bəyan etdi.

Müsəlman, xristian, katolik, yəhudi, alban icmalarının dini rəhbərlərinin Ağdama gəlişi, Şuşa səfəri Azərbaycanda milli həmrəyliyin bir mesajına çevrildi.

Bu baxımdan QMİ-nin və Şeyxülislamın icmalardan və məzhəblərdən siyasi məqsədlə istifadə etməyə cəhd edən xarici qüvvələrin qarşısında sipər kimi durması Azərbaycan xalqında dini vəhdətin formalaşmasında mühüm rol oynayır.

Aydın ABBASOV

 

 

 

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qadın direktorun müəllimi təhqir etməsi ilə bağlı məsələ araşdırılır

Sonrakı məqalə

“Ukrayna ilə müharibə olarsa, 3-4 gün davam edəcək” –