“Dissertanturaya sənəd verənlərin yarısı keçid balını toplaya bilməyib”- AMEA

“Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) doktorantura və dissertantura səviyyəsi üzrə artıq qəbul prosesi başlayıb. Bu il ilk dəfə olaraq doktorantura və dissertanturaya qəbul üçün xarici dil üzrə imtahan Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilib”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının akademik katibi Əminağa Sadıqov deyib.

O bildirib ki, dissertantura üzrə namizədlərin xarici dildən göstərdikləri nəticələr qaneedici olmayıb: “AMEA və Təhsil Nazirliyinin birgə razılığı ilə xarici dil üzrə keçid balı 20 müəyyən edilib. Ancaq bu keçid balı ilə ərizə verən namizədlərin təxminən yarısı ilk imtahandan keçə bilməyib”.

AMEA-nın akademik katibi qeyd edib ki, hazırda akademiya və nazirlik imtahanların nəticələrini təhlil edir: “Əgər zərurət olarsa, keçid balının aşağı salınması üçün DİM-ə də müraciət edilə bilər. Yeni qəbul qaydalarının bu il ilk dəfə tətbiq olunması nəticəsində xarici dillə bağlı namizədlərin müəyyən çətinlikləri olub. DİM bu imtahanların keçirilməsinə məsuliyyətlə yanaşıb, imtahanlara uzun müddət qalmış proqramlar və test sualları əvvəldən hazırlanıb. Doktoranturaya qəbul üçün artıq bir neçə ildir ki, xarici dil biliyi üzrə beynəlxalq dil sertifikatı tələb olunur. Ona görə də doktorantura sənəd verənlər bilirdilər ki, onları ciddi mərhələ gözləyir”.

Əminağa Sadıqovun sözlərinə görə, doktoranturaya qəbulda vəziyyət yaxşı olsa da, dissertanturaya sənəd verənlərin yarısı keçid balını toplaya bilməyib: “Qəbul imtahanı ilə dissertantlar üçün müəyyən güzəştlər edə və bununla bağlı vəsatət qaldıra bilərik. Onsuz da onları təhsil aldığı dövrdə xarici dil üzrə yenidən imtahan vermələri gözləyir, həmin vaxt hansısa güzəştdən söhbət gedə bilməz”.

Ə.Sadıqov onu da deyib ki, bu il AMEA-nın doktorantura və dissertantura səviyyəsinə qəbul üçün 300-ə yaxın yer ayrılıb: “Ancaq namizədlərin xarici dil üzrə göstərdikləri nəticələr qəbul planının dəyişməsinə səbəb olmayacaq. Çünki qəbul planı artıq hökumət tərəfindən təsdiqlənib”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda süni mayalanma mərkəzi yüksək məbləğdə cərimələndi

Sonrakı məqalə

Bakıda sotu 230 manata torpaq satılır