“Azərbaycanda uşaqpulunun verilməməsi barədə fikirlər doğru deyil. Bundan müxalifət qüvvələri təbliğatında istifadə edirlər. Azərbaycanda uşaqpulu adı altında olmasa da, müxtəlif kateqoriyadan olan 611 min nəfər uşaq məhz uşaqpulu ilə təmin olunur”.
Bu sözləri Azpost.info-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirli deyib.
Millət vəkilinin sözlərinə görə, “Azərbaycanda uşaqpulu verilmir” ifadəsini işlətmək doğru deyil: “Mən rəqəmləri deyim, cəmiyyətimiz də məlumatlı olsun ki, dövlət uşaqpulunu hansı formada verir. Birincisi, 50 min əlil uşağın hamısı 18 yaşınadək uşaqpulu ilə təmin edilir. İkincisi, valideynlərini itirmiş uşaqlar 18 yaşadək uşaqpulu alırlar. Söhbət 166 min uşaqdan gedir. Üçüncüsü, 160 min aztəminatlı ailələrə sosial yardımlar verilir ki, həmin ailələrdə də azyaşlı uşaqlar böyüyür. Dördüncüsü, ölkəmizdə hər il orta hesabla 120 min uşaq dünyaya gəlir ki, o uşaqlara da doğuş zamanı birdəfəlik maliyyə verilir. Daha sonra şəhid ailələrinə, qazilərə, beşdən çox uşağı olan ailələrə pul verilir, hansı ki, onların sayı 30 mindir. Bu rəqəmlərə baxdıqda görünən odur ki, adı uşaqpulu olmasa da, dövlət müxtəlif adlar altında uşaqpulu verir”.
“Bizim müxalifətin dediklərindən belə təsəvvür yaranır ki, dövlət uşaqlara bir qəpik də pul vermir. Hesab edirəm ki, bu, yanlış yanaşmadır. İnsanlarımız radikal müxalif qüvvələrin bu cür fikirlərinə aldanmırlar”, – deputat fikrini tamamlayıb.
Qeyd edək ki, sosial şəbəkələrin Azərbaycan seqmentində yenidən uşaqpulu məsələsi gündəmə gətirilib. İctimai fəallar, xüsusən də müxalif qüvvələr Azərbaycanda uşaqpulunun verilməsi ilə bağlı qərara ehtiyacın olduğu barədə müzakirələr açırlar.
Anar ABDULLA
Azpost.info