DSMF-də şəhid ailələri, müharibə əlilləri növbədənkənar qəbul edilir

02 İyun 2021 - 15:56

2021-ci il mart ayının 1-dən etibarən Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi Aparatının Qəbul Mərkəzində vətəndaş qəbulu bərpa olunub, mart, aprel və may aylarında ümumilikdə 3813 vətəndaşın fərdi qaydada qəbulu həyata keçirilib.

Bu barədə Dövlət Sosial Müdafiə Fondundan Azpost.info-ya məlumat verilib.

Məlumatda qeyd olunur ki, onlardan 716 nəfər ünvanlı dövlət sosial yardımı, 1648 nəfər pensiya, 745 nəfər sosial müavinətlər, 55 nəfər Prezident təqaüdü, 649 nəfər sosial sığorta və fərdi uçotla bağlı müraciət edib.

Bu ilin 5 ayı ərzində Fondun Mərkəzi Aparatında rəhbər vəzifəli şəxslər tərəfindən 409 vətəndaşın videoqəbulu təşkil edilib. Müraciətlərin 118-i ünvanlı dövlət sosial yardımı, 151-i pensiya təyinatı, 51-i sosial ödənişlər, 69-u sosial sığorta və fərdi uçot, 20-si isə digər məsələlərlə bağlı olub. 103 vətəndaşın müraciəti təmin edilib, 306 müraciətlə bağlı müvafiq izahatlar verilib.
Hazırda Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və müharibə ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslər növbədənkənar qəbul edilir və bunun üçün xüsusi masalar ayrılıb.