DTX Qarabağda döyüşmüş livanlı muzdlu-terrorçunu məsuliyyətə cəlb edib –

RƏSMİ (VİDEO)
02 Dekabr 2020 - 17:36

Müxtəlif xarici ölkələrin vətəndaşlarının muzd müqabilində Ermənistandan Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərinə keçirilməklə qanunsuz silahlı birləşmələr, terrorçu dəstələr halında döyüşlərə cəlb edilmələri ilə bağlı çoxsaylı faktlara dair kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) verdiyi məlumata görə, aparılan araşdırmalarla Livan Respublikasının vətəndaşı Viken Eulcekcianın, həmin ölkənin digər vətəndaşı Hovak Kikiyan, habelə ayrı-ayrı xarici ölkə vətəndaşları ilə birgə qabaqcadan razılaşdırılmış konkret muzd müqabilində Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində hərbi əməliyyatlarda iştirak etmələrinə və terrorçuluq əməlləri törətmələrinə əsaslı şübhələr yaranıb.

DTX-də başlanılmış cinayət işi üzrə Viken Eulcekcian Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 114.3-cü (Muzdluluq), 214.2.1-ci və 241.2.3-cü (Terrorçuluq), 228.2.1-ci (Qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə), 279.1-ci (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.